Latviya səfiri: “Ölkələrimiz arasında iqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə yüksəltmək lazımdır” - MÜSAHİBƏ

Latviya səfiri: “Ölkələrimiz arasında iqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə yüksəltmək lazımdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 25 yanvar 2013 10:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisin APA-ya müsahibəsi

- Azərbaycan-Latviya ikitərəfli əlaqələri hansı səviyyədədir? Siz münasibətlərin səviyyəsindən razısınızmı?

- Azərbaycan və Latviya arasında tarixən yaxşı siyasi əlaqələr mövcud olub. Münasibətlər hər səviyyədə yaxşıdır, ölkələr arasında mütəmadi olaraq yüksək səviyyəli səfərlər həyata keçirilir. Bildiyiniz kimi, ötən il noyabrın axırında Latviyanın baş naziri Valdis Dombrovskisin Azərbaycana səfəri baş tutdu. İstəyərdim ki, bizim iqtisadi əlaqələri də siyasi əlaqələr səviyyəsinə qaldıraq ki, ölkələr arasındakı ticarət dövriyyəsi, sərmayələrin səviyyəsi siyasi həyatın bütün səviyyələrdə mövcud olan yaxşı münasibətləri əks etdirsin.

- Azərbaycan və Latviya arasında mövcud olan 20 illik əməkdaşlıq dövrü ərzində hansı əsas məqamları qeyd edə bilərsiniz?

- Mən iki ölkə münasibətlərindəki üç əsas məqamı qeyd edə bilərəm. Birinci məqam ölkə başçılarının görüşlərindən ibarətdir. Ümumilikdə Azərbaycan və Latviya arasında 7 yüksək səviyyəli görüş keçirilib, sonuncu, səkkizinci görüş isə Valdis Dombrovskis və İlham Əliyev arasında baş tutdu. Hər belə görüş bizim əlaqələrin irəli getməsinə imkan yaradır, yeni ideyalar, yeni əməkdaşlıq sahələri ortaya çıxır. İkinci məqam hökumətlərarası komissiyalardan ibarətdir. Ümumilikdə komissiyaların 4 iclası keçirilib. Biz çalışırıq ki, bu il 5-ci iclası keçirdək. Bu iclasda yüksək səviyyəli görüşlərdə müzakirə olunan konkret məsələlər, istiqamətlər nəzərdən keçiriləcək. Üçüncü məqam isə Azərbaycanda keçirilən “Latviya günləri”ndən ibarətdir. Birinci dəfə bu tədbirlər 2011-ci ildə, ikinci dəfə isə 2012-ci ilin noyabrında baş tutdu. İki həftə ərzində keçirilən tədbirlər ərzində biz Latviyada istehsal olunan məhsulları nümayiş etdiririk. Düşünürəm ki, biz belə tədbirləri mütəmadi olaraq keçirəcəyik. Çox güman ki “Latviya günləri” noyabr aylarında keçiriləcək, çünki məhz noyabrda biz Latviyanın müstəqillik gününü qeyd edirik. Hökumətlərarası komissiyanın qərarına əsasən bu cür tədbirlər qarşılıqlı olmalıdır, yəni biz Latviyada “Azərbaycan günləri”nin keçirilməsini gözləyirik və bunun baş tutması üçün əlimizdən gələni edəcəyik.

- Latviya baş nazirinin Azərbaycana səfəri ikitərəfli əlaqələrə necə təsir etdi və bu il qarşılıqlı səfərlər və ya tədbirlərin keçirilməsi planlaşdırılırmı?

- Bu, çox uğurlu səfər oldu, çünki baş nazir Valdis Dombrovskis ilə birlikdə 90 sahibkar Azərbaycana gəlmişdi. Latviya 22 ildir müstəqildir və bu nümayəndə heyəti müstəqillik dövrü ərzində baş naziri xarici səfərdə müşayiət edən sayca ikinci böyük nümayəndə heyətidir. Dediyim kimi, görüşlərdə investisiya məsələləri müzakirə olunub. Sahibkarların maraqlarına uyğun olaraq 3-4 individual görüş təşkil edilib. Mən bu görüşlərdə şəxsən iştirak etməsəm də, görüşlər zamanı müzakirə olunan layihələrin, təşəbbüslərin necə inkişaf edəcəyini səbirsizliklə gözləyirəm.

- Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr necə inkişaf edir? Ticarət dövriyyəsinin göstəricisi barədə nə deyə bilərsiniz və hansı sahələrdə daha çox fəallıq hiss olunur?

- Qeyd etdiyim kimi, istəyərdim ki, iqtisadi əlaqələr daha fəal olsun. 2011-ci ildə bu göstərici 30 milyon dollara bərabər idi. 2012-ci ilin göstəricilərinin də eyni olmasını gözləyirik, yəni keçən il ciddi dəyişikliklərə səbəb olmadı, hətta rəqəmlərin təxminən yarım milyon-bir milyon az olması mümkündür. Göstəricilərin aşağı düşməsi onunla bağlıdır ki, ixracatçılardan biri öz fəaliyyət istiqamətini dəyişdirdi, bu da ona gətirib çıxardı ki, ixraca gedən mallardan biri ixrac siyahısından çıxarıldı. Amma bu, müvəqqəti haldır, çünki iqtisadi əməkdaşlığın əsas oyunçuları öz işini davam etdirirlər. Üstəlik, ixraca gedən yeni mallar da ortaya çıxır və düşünürəm ki, ticarət dövriyyəsinin göstəriciləri bundan sonrakı illərdə daha yüksək olacaq. Bu mənada onu da əlavə etməliyəm ki, Latviyadan Azərbaycana ənənəvi malların satışı hələ də davam edir. Bura konservlər, çips, süd və farmakologiya məhsulları daxildir. Lakin hesab edirəm ki, əməkdaşlığın yeni sahələri də inkişaf edəcək. Bizim aramızda artıq dəmir yolu lokomotivlərinin təmiri, uşaq bağçalarının inşası üzrə əməkdaşlıq yaradılıb. Bunlar çox maraqlı, qeyri-ənənəvi sahələrdir və ümid edirəm ki, gələcəkdə bu cür əməkdaşlıq sahələrinin sayı çox olacaq. Amma dediyim kimi, keçən il ticarət dövriyyəsinin göstəricisi təxminən 30 milyon dollar təşkil edəcək.

- Humanitar sahədə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Bu sahədə biz əvvəllər başladığımız istiqamətlər üzrə əməkdaşlığa davam edəcəyik. Bu yaxınlarda, daha dəqiq desək, ötən ilin oktyabrında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya səfər edib. Səfər çərçivəsində 2012-2014-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu il biz Azərbaycanda Latviyanın məşhur estrada ulduzlarının çıxışını da görəcəyik. Keçən il burada İntars Busulisin, Anmarinin bir neçə çıxışları baş tutdu. Mən tam əminəm ki, biz sərgilərin təşkili, ələlxüsus qobelen sənəti üzrə əməkdaşlığımıza davam edəcəyik. Ona görə də, humanitar sahə üzrə belə tədbirlərin sayı çox olacaq. Mən ali məktəblər arasında əməkdaşlıq barədə danışmıram, çünki bu, ayrı bir söhbətdir.

- “Vikinq” nəqliyyat layihəsi barədə nə deyə bilərsiniz? Bu layihə üzrə işlər hansı mərhələdədir?

- Bu məsələyə aydınlıq gətirmək istəyərdim. İlk gündən “Vikinq” layihəsi Latviya ilə Litvanın birgə layihəsi kimi nəzərdə tutulurdu. Qonşu ölkənin layihəsini şərh etmək istəməzdim, çünki “Vikinq” Litvanın layihəsidir, Latviyanın öz “Zubr” adlı layihəsi var. Bu layihə Riqanı Belarus və Ukrayna ilə birləşdirir. Sifarişçinin tələbi əsasında yüklər Belarusa, oradan isə lazım gəldikdə Ukraynaya çatdırıla bilər. Lakin Qara dəniz sahillərinə “Zubr” qatarları hələ çıxmayıb. Əgər tələbat olsaydı, biz bu layihəni Ukraynanın Qara dəniz limanlarına qədər, oradan isə ola bilsin, Türkiyəyə qədər uzada bilərdik. Amma biz Qafqaz istiqamətinə yönəlməyin mümkünlüyünü istisna etmirik. Bu baş tutsa, qatarlar Riqadan Bakıya qədər gedə bilərlər.

- Latviya Rusiya təbii qazından asılı ölkədir. Ölkəniz “Nabucco”, ya da TAP layihələrinə maraq göstərirmi? Latviya bu məsələdə hansı prioritetləri müəyyən edib?

- Əgər biz maye qazdan danışmırıqsa, o zaman çətin ki, “Nabucco”dan, ya da TAP-dan qaz Latviyaya çata bilsin. Amma Latviya sözsüz ki, Avropa Birliyinə qaz təminatı kanallarının sayını artıracaq bütün layihələrdə maraqlıdır, çünki bu, bizim ümumi enerji təhlükəsizliyimizi təmin edəcək məsələdir. Bu, bütün Avropa üçün faydalı olacaq.

- Azərbaycanlılar Sizin ölkənin ictimai həyatında hansı rolu oynayır? Latviyada onların vəziyyəti necədir və azərbaycanlılar Latviya ictimaiyyətinə necə inteqrasiya olunub?

- Latviyada 3-4 min azərbaycanlı yaşayır. Azərbaycanda isə konsulluq qeydiyyatında 40-50 latviyalı var. Amma burada bir məsələni də nəzərə almaq lazımdır ki, bir çox insanlar Azərbaycana qısamüddətli ezamiyyətə gəlirlər. Buna görə də latviyalıların Azərbaycanda sayı azərbaycanlıların Latviyadakı sayından azdır. Ölkəmizdə azərbaycanlıların azı 3 təşkilatı var. Azərbaycanda isə latviyalıların təşkilatı yoxdur. Belə bir təşkilat 1906-cı ildə Azərbaycanda neft bumu yaşanan dövrdə yaradılmışdı. Amma latviyalıların sayı burada artır və onların istəyi olsa, biz onların təşkilatını yarada bilərik.

Azərbaycanlıların cəmiyyətə inteqrasiyası məsələsinə gəlincə, düşünürəm ki, bu istiqamətdə çox yaxşı nailiyyətlər var. Məsələn, azərbaycanlıların Latviyadakı təşkilatının rəhbərindən biri Roman Əliyev ölkəmizin prezidenti yanında Milli azlıqların məsələləri üzrə Şuranın sədri vəzifəsində çalışır.

- Latviya və Azərbaycan uzun müddət bir ölkənin tərkibində yaşayıb. İndiki dövrdə latviyalılar Azərbaycan barədə nə bilirlər və ölkələr arasında turizm əməkdaşlığı hansı səviyyədədir?

- Bu məsələ üzərində səfirlik ciddi işləyir, çünki insanlar ölkələrimiz barədə az biliklərə malikdir. 20 il ərzində çox şey unudulub. SSRİ dövründə latviyalı turistlər Qafqaza səyahətə çıxanda uzağı Gürcüstana getməyə özlərində güc tapırdılar. Bu da ona gətirib çıxardı ki, Gürcüstan barədə biz çox bilirik, nəinki Ermənistan və Azərbaycan barədə. Təbii ki, bu məsələ üzərində çox iş görülməlidir. Bu mənada “Air Baltic” aviaşirkətinin reysləri bizə kömək edir. Bu reyslər iyunda açılır, amma təəssüf ki, payızda bağlanır. Tarixlər dəyişilə bilər, amma hər halda bu reyslərin mütəmadi olmasını gözləmirik. Turizm şirkətləri də burada öz fəaliyyətlərini davam etdirirlər, onlar bu sahəni daha yaxşı tanımağa başlayırlar, amma deməliyəm ki, bura gələn turistlərin sayı çox deyil. 2012-ci ildə onların sayı 700-800 nəfər təşkil edib. Turizm sahəsinin inkişafında birbaşa reysin olması çox böyük rol oynamır, burada əsas yeri reklam tutur. Azərbaycanın turizm şirkətləri əsas diqqətini Riqa və Yurmalaya cəmləşdiriblər. Şirkətlər Latviyanın Dauqavpils, Liyepaya, Ventspils kimi digər iri və maraqlı şəhərlərinin potensialından da bəhs etməlidirlər. Orada bir neçə gün qalmaq və ailə istirahəti üçün yaxşı infrastruktur var. Eyni sözləri mən kənd turizmi barədə də deyə bilərəm.

- Latviya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqeyi tutur?

- Bu məsələ ancaq sülh şəraitində, Madrid prinsipləri əsasında həll oluna bilər. Latviyanın mövqeyi budur. Biz, digər ölkələri kimi, ATƏT-in Minsk Qrupunun işini dəstəkləyirik. Hesab edirik ki, bu münaqişəni yalnız sülh danışıqları ilə həll etmək mümkündür. Latviya Avropa Birliyinin münaqişənin həlli işinə qoşulmasını dəstəkləyir. Bu, o deməkdir ki, əgər məsələ Madrid prinsipləri əsasında həll olunmağa başlasa, AB ölkələrinin münaqişələrin həlli istiqamətində zəngin praktiki təcrübəsi tərəflərə yardımçı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR