“Azəriqaz”: Əhaliyə verilən təbii qazın təzyiqi 1-2 günə normal səviyyəyə çatacaq

“Azəriqaz”: Əhaliyə verilən təbii qazın təzyiqi 1-2 günə normal səviyyəyə çatacaq
# 18 noyabr 2014 10:38 (UTC +04:00)

Bunu “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

İ. Kərbəlayev qeyd edib ki, əhaliyə verilən qazın təzyiqindəki balans pozğunluğu “birdən-birə “Azəristiliktəchizat” ASC tərəfindən yüksək miqdarda qazın qəbulu” ilə əlaqədardır.

“Hətta bəzi abonentlər bizə müraciət edərək deyir ki, “heç yayda belə qaz təzyiqi olmurdu. İndi bizdə qaz həddindən artıq güclü verilir”. Bu tənzimləmə vasitəsi ilə tənzimləyirlər ki, son 2-3 gün ərzində bütün məhəllələrə və küçələrə eyni miqdarda qazın paylanılması tərəfimizdən təmin olunsun. Əhaliyə verilən qazın təzyiqinin aşağı olması ilə əlaqədar “Azəriqaz”ın əməkdaşları müvafiq yerlərə təhkim olunub və problemin aradan qaldırılması ilə məşğuldur”, - deyə o qeyd edib.

“Azəriqaz” rəsmisi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda 20 mln. kubmetrdən artıq əhaliyə qaz verilir.

İ. Kərbəlayev bildirib ki, tənzimləmə işləri bu günlərdə başa çatacaq və əhaliyə verilən qazın təzyiqi normal səviyyəyə çatdırılacaq. “Noyabrın 15-dən qazın həcmi artmışdı, kəmərlərdə boşalma hiss olunurdu. İki gündür ki, tənzimləmə işləri aparılır. Bu gün, uzağı sabah tənzimləmə işləri yekunlaşacaq”, - deyə İ. Kərbəlayev qeyd edib.

“Əhali tərəfindən bizə daxil olan məlumatlarda bildirilir ki, əhali üçün nəzərdə tutulan qazın müəyyən bir hissəsi istixanalara verilir. Bu hal daha çox Bakı kəndlərində müşahidə olunur. Buna rəsmi münasibətiniz necədir?” Bu suala cavab verən İ. Kərbəlayev qeyd edib ki, deyilənlər həqiqəti əks etdirmir. “Yox, qətiyyən. Burada söhbət əhalinin qazının istixanalara verilməsindən getmir. Bu soyuq günlərdə əhalinin qaz tələbatı daha da artığından, qaz kəmərlərinin üzərində tənzimləyici şkaflar quraşdırılıb. Bu ona görə edilib ki, verilən qaz tənzimlənsin. Tənzimləmə işləri aparılır. Bir-iki gün lazımdır ki, biz o tənzimləmə işlərini aparaq və buda 2 günə yekunlaşacaq”.

İstixanalara və əhaliyə verilən qazın təzyiqindəki fərqinə gəlincə İ. Kərbəlayev qeyd edib ki, onların arasında heç bir fərq yoxdur. “Hansı istixana bütün sənədləri hazırlayıb “Azəriqaz” İstehsalat Birliyinə müraciət edibsə, onlara qaz verilir. Biz sənədi olmayan hər hansı bir istixanaya qaz vermirik. Bütün sənədlər ciddi şəkildə yoxlanılır. Hətta qazanxanaya nəzarət edəcək şəxsin də növbətçilik sistemi yaradılır, o şəxslərin də sənədləri bizə daxil olduqdan sonra, təbii qazın verilişi tərəfimizdən təmin olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR