Valentina Matviyenko: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir"

Valentina Matviyenko: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir"
# 02 noyabr 2015 13:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Rusiya müharibənin yenidən başlamasını istisna edən siyasi həlli davamlı dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir".

APA-nın məlumatına görə, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan səfəri öncəsi "news.am" saytına müsahibəsində deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir: “Münaqişə hələ Sovet İttifaqı zamanında başlayıb və 30 ilə yaxındır davam edir. Hesab edirəm ki, hər kəsə bu gün aydın olmalıdır ki, münaqişə heç bir tərəfə problemdən başqa heç nə vermir. Onun həlli yollarının axtarılması da ləng gedir. Öz adımızdan deyə bilərəm ki, Rusiya digər ölkələrdən daha çox səy göstərir. Rusiya aktiv şəkildə ATƏT və BMT platformalarında problemin həlli üçün çalışır, Azərbaycan və Ermənistan rəhbərliyi ilə ikitərəfli danışıqlar aparır. Bizim münaqişə ilə bağlı mövqeyimiz davamlıdır. Rusiya müharibənin yenidən başlamasını, qan tökülməsini və humanitar faciə riskini istisna edən siyasi həlli dəstəkləyir”.

V. Matviyenko münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq üçün Azərbaycan və Ermənistan parlament üzvləri, iş adamları, mədəniyyət və elm xadimlərinin görüşlərinin vacibliyini qeyd edib: “Bu kimi əlaqələr xalqlar arasında etimadın bərpasına xidmət edir. Bu isə siyasi həll tapıldıqda onun uğurla həyata keçirilməsi üçün vacib amildir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR