Azərbaycan Vergilər Nazirliyi yenidən İOTA-nın İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan Vergilər Nazirliyi yenidən İOTA-nın İcraiyyə Şurasına üzv seçilib
# 11 iyul 2015 07:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Niderland Krallığının Rotterdam şəhərində keçirilən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) XIX Baş Assambleyasında 46 ölkədən, o cümlədən 11 beynəlxalq və regional təşkilatdan 180-dən çox nümayəndə və vergi tədqiqatçıları iştirak ediblər.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyi tədbirdə Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev təmsil ediblər.

Baş assambleyanın əsas müzakirə mövzusu özünəxidmət vasitəsilə vergi əməl etməsinə nail olmaq, rəqəmsal özünəxidmət kanallarından istifadənin artırılması və müsbət təsiri nəticəsində yaranan imkanların və üstünlüklərin işıqlandırılması olub. Tədbirin plenar sessiyasında Vergilər Nazirliyinin nümayəndəsi “Sosial stimullar vasitəsilə vergi əməl etməsinin təmin edilməsi: vergi orqanlarının rolu” mövzusunda təqdimatla çıxış etmiş, sessiyanın yekun nəticələrinə dair iclasda sədrlik edib. Təqdimat zamanı sosial tərəfdaşlığın gücləndirilməsi sahəsində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o cümlədən, sosial stimullar vasitəsilə vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin edilməsi istiqamətləri vurğulanıb.

Sonra assambleyanın iclasında 2015-2016-cı il üçün İOTA prezidenti, İcraiyyə Şurasının üzvləri və daxili auditorların müəyyən edilməsi üzrə seçkilər keçirilib. Rumıniyanın Maliyyə İnzibatçılığı üzrə Milli Agentliyinin nümayəndəsi IOTA-nın prezidenti seçilib. Eyni zamanda, seçkinin nəticələrinə əsasən, Vergilər Nazirliyi Niderland, Avstriya, Çex Respublikası, İspaniya, Fransa, Sloveniya, Danimarka və Rumıniyanın vergi orqanları ilə birlikdə növbəti bir illik müddət üçün İOTA-nın İcraiyyə Şurasına üzv seçilib.

Qeyd edilməlidir ki, 2013-cü ildə keçirilən IOTA-nın XVII Baş Assambleyasında Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilən ilk vergi administrasiyası olub. Vergilər Nazirliyi Şuradakı fəaliyyəti ilə üzv ölkələrin etimadını qazanıb və bununla da artıq III dəfə ardıcıl olaraq İcraiyyə Şurasının üzvü seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR