Günəş enerjisinin tutqun gələcəyi - TƏHLİL

Günəş enerjisinin tutqun gələcəyi - <span style="color: red;">TƏHLİL
# 06 oktyabr 2015 12:33 (UTC +04:00)

Artıq bir neçə ildir ki, dünyada alternativ enerji mənbələrdən daha sürətli istifadəsi məsələsi aktualdır, lakin, təəssüf ki, bu sahədə real addımlar yalnız bir neçə ölkə tərəfindən atılır. Hətta real addımlar ölkələr tərəfindən deyil, bəzi şirkətlər tərəfindən atılır ki, nəticədə sahənin inkişafı kütləvi xarakter almır. Nə qədər təəccüblü olsa da, hazırda ən real planlar...Səudiyyə Ərəbistandadır. Lakin təəccüblü yalnız ilk baxışdan görünür. Hazırda Səudiyyə Ərəbistanda istehsal olunan günəş enerjisinin həcmi sürətlə artır və planlara əsasən, 2040-cı ilə qədər ölkədə 41GVt günəş enerjisi istehsal olunacaq ki, bu da ölkənin enerji tələbatının təxminən 1/3 hissəsinə bərabərdir. Bu layihənin reallaşdırılması üçün 100 mlrd. dollardan artıq vəsait sərf etməsi planlaşdırılır. Ölkədə geniş səhra zonaları mövcuddur, burada günəş enerji potensialı, demək olar ki, hədsizdir və burada günəş enerji istehsalı üzrə stansiyalar tikiləcək. Əlavə olaraq Ər-Riyadın yaxınlığında günəş panellərin istehsalı üzrə iri zavod tikilir, paralel olaraq ölkə ərazisində ümumi sayı 10-dan artıq iri elektrostansiyalar tikiləcək. Ölkə rəhbərliyinin son dərəcədə heysiyyətli hədəfləri var – ölkənin enerji tələbatını tam olaraq günəş enerji hesabına ödəmək. Bu həm də ona görə maraqlıdır ki, Səudiyyə Ərəbistan dünyada neft ixracatı üzrə liderdir...

Hazırda dünyada günəş enerji istifadəsi üzrə lider Almaniyadır. Burada təsdiqlənmiş qüvvə 35 GVt təşkil edir və ümumdünya istehsalında payı 26%-ə bərabərdir. Almaniyada planlaşdırılır ki, 2050-ci ildə ölkədə istehlak edilən enerjisinin təxminən 80%-i alternativ enerji mənbələri hesabına formalaşacaq. Almaniyadan sonra dünyada lider ölkələr sırasında Çin (20 GVt), İtaliya (18 GVt), Yaponiya (14 GVt), ABŞ (12 GVt), İspaniya (5 GVt), Fransa (5 GVt), Böyük Britaniya (3 GVt), Avstraliya (3 GVt), Belçika (3 GVt). Bütün bu ölkələrdə müxtəlif inkişaf planlar var ki, alternativ enerji mənbələrin rolunu tədricən artırmaq. Bəzi ölkələrdə hədəf kimi enerjinin 10-12%-i, digərlərində isə daha iri planlar mövcuddur. Ümumilikdə isə, dünya miqyasında 10%-lik səviyyəyə ortamüddətli norma kimi qəbul olunub, yəni əgər ölkədə bu göstəriciyə nail olunubsa, hesab etmək olar ki, alternativ enerjinin istifadəsi sahəsində müəyyən uğurlar əldə olunur.

Göründüyü kimi, lider ölkələrin sırasında yalnız inkişaf etmiş ölkələrdir + Çin. Bunun müəyyən izahı var. Birincisi, alternativ enerjilərin istifadəsi üçün külli miqdarda investisiyalar tələb olunur, ikincisi, istehsal olunan alternativ enerjisinin istehlakçılar üçün qiymət yüksəkdir. Aydındır ki, birinci və ikinci amillər biri-birinə bağlıdır. Əlbəttə ki, müxtəlif çıxış yollar var – məsələn, Almaniyada günəş enerjisi, demək olar ki, tam özəl şirkətlərin əlindədir, bundan əlavə xüsusi əhali xüsusi qurğuları quraşdırmaqla artıq mərkəzləşdirilmiş enerji təchizatından ayrılırlar. Ümumiyyətlə, günəş enerjisinin istifadəsi, aydındır ki, ənənəvi enerji mənbələrin istifadəsini azaldır, o cümlədən, idxalçı ölkələr üçün birmənalı fayda gətirir. Onda yuxarıda qeyd olunmuş Səudiyyə Ərəbistan bu məntiqə qətiyyən uyğunlaşmır. Lakin digər məntiqə uyğunlaşır. Belə ki, hazırda ölkədə elektrik enerjisi neftin yandırılması yolu ilə istehsal olunur ki, bu da birincisi, qeyri-effektivlidir, ikincisi, ekoloji baxımından çox pisdir. Səudiyyə Ərəbistan dünyanın kəşf edilmiş neft ehtiyatlarının 24%-nə malikdir, neft ölkənin ixracının 90%-ni, dövlət büdcəsinin 75-80%-ni təşkil edir. Bu fonda hökumətin məntiqinə əsasən, əgər ölkə neft ixracatında dünyada lider mövqeyini saxlamaq niyyətindədirsə, alternativ enerjidən istifadəsinə keçməlidir. Göründüyü kimi, hər şey sadədir. Statistikaya əsasən, Səudiyyə Ərəbistanda hasil edilən neftin təxminən 25%-i enerji istehsalı üçün yandırılır və əlbəttə ki, bu nefti ixrac etmək daha faydalıdır.

Belə məntiq bizi Azərbaycana yaxınlaşdırıb. Belə ki, hökumətin və rəsmilərin dəfələrlə səsləndirilən bəyanatlara əsasən, ölkədə alternativ enerji sahəsinin inkişafı, digər məsələlərlə yanaşı, ənənəvi enerji daşıyıcıların ixracatının artırılmasına gətirib çıxaracaq. Burada söhbət neftdən deyil, qazdan gedir. Çünki Azərbaycanda elektrik enerjisinin istehsalı ilk növbədə qazın hesabına edilir. Hökumətin məntiqinə görə, alternativ enerjisinin istifadəsi hesabına sərbəstləşən qaz həcmləri ixracata yonəldiləcək. Hazırda Azərbaycanda alternativ enerji sahəsində müəyyən işlər aparılır və bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Belə ki, ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. O cümlədən, müəyyən layihələr də agentliyin himayəsi altında reallaşdırılır. Hələlik belə layihələrin sayı çox deyil. Ən real və iri layihəsi 38 hektar sahəsini əhatə edən Qobustan təcrübi hibrid poliqonudur. Burada həm günəş, həm külək və bioenerji qurğuları quraşdırılıb. Poliqonun ümumi məqsədi Azərbaycanda gələcək bərpa olunan və alternativ enerjinin inkişafı üçün istiqamət və işlək nümunə rolunu oynayacaq dayanıqlı bərpa olunan enerji ilə bağlı həll yollarının yaradılması və inteqrasiyası, eləcə də bərpa olunan dəyərli enerjinin təmin edilməsi ilə Azərbaycanda bərpa olunan və alternativ enerjinin inkişafına təkan verməkdir. Burada gücü 0,9 MVt olan üç külək turbini, gücü 1,8 MVt olan günəş enerjisi qurğusu və gücü 1 MVt olan bio-enerji qurğusu quraşdırılıb. Perspektivdə günəş enerjisi qurğularının gücü 5,5 MVt–a qədər artırılacaq. Ümumiyyətlə, Agentliyin planlarına görə, Azərbaycanda 2020-ci ilə qədər bərpa olunan və alternativ enerji mənbələrinin payını ümumi enerji istehsalının 20%-ə çatdırılmalıdır. Konkret desək, Agentliyin 2015-2018-ci illər üzrə Strateji Planına əsasən, 2018-ci ilə qədər günəş elektrik stansiyaların gücü 369 MVt, külək stansiyaların gücü 187 MVt, bioenergitik qurğuların gücü 63 MVt təşkil etməlidir. Hələlik, bu planların nə dərəcədə real olub-olmaması barədə heç nə demək olmaz, lakin hökumətin bu sahəyə edilən diqqət artıq ümidvericidir.

Qeyd edək ki, hökumətlər alternativ enerjinin istifadəsi üzrə planları işə salarkən, dünyanın müxtəlif yerlərində müxtəlif maraqlı layihələr artıq reallaşmaqdadır. Məsələn, Maldiv adaların birində tam özünü enerji təmin edən 5 ulduzlu hotel kompleksi açılıb. Kompleksin bütün binalarının damlarında quraşdırılmış günəş panelləri günəşli gün ərzində bir meqavat enerji istehsal edir ki, bu da istehlakdan bir neçə dəfə artıqdır ki, qalan həcm akkumulyatorlarda toplanır və tutqun günlərdə istifadə olunur. Daha bir misal Hindistandandır. Burada pilot layihə kimi Keraa ştatında hava limanı tam olaraq günəş enerjisinə keçirilib. Bundan əlavə Yaponiyanın Solaria şirkəti şüşə əvəzinə günəş panelləri ilə təchiz olunmuş pəncərələri istehsal etməyə başlayıb. Panellər burada şüşələrin arasında quraşdırılıb və gözə görünmür.

Beləliklə, demək olar ki, dünyada günəş enerjisinin daha kütləvi istifadəsi üçün müxtəlif addımlar atılır. Lakin belə bir hiss qalır ki, bu addımlar son dərəcədə zəifdir. Yəni əgər günəş enerjisinin istifadəsinə məişəti, yaşayışı, sənayeni, iqtisadiyyatını yaxşılaşdıran, inqilablaşdıran, müasirləşdirən elm kəşfinə kimi baxsaq, aydın olur ki, bu kəşf son dərəcədə ləng həyata inteqrasiya edilir. Xatırladaq ki, ilk günəş batareyalar 1954-ci ildə istehsal olunub. O vaxtdan bəri bu texnologiya yalnız nadir hallarda istifadə edilir. Məsələn, hansısa hava limanında və ya Maldiv adalarında hoteldə. Aydındır ki, əgər dünyada istək, iradə olsaydı artıq günəş enerjisi ekzotika deyil, ənənə idi. Niyə bu baş verməyib? Fikrimizcə, cavab aydındır. Dünyada ənənəvi enerjidaşıyıcıların istifadəsindən maraqlı olanlar o qədər çoxdur ki, günəş enerjisinin dünyada yer yoxdur. Və hələ ki neft və qazda əsaslanan bu iqtisadi və siyasi maraqlar var, hələ ki neft və qaz iqtisadi və siyasi təzyiqin alətidir, hələ ki dünyada sənaye neft və qazla “işləyir” və s. günəş enerjisinin kütləvi istifadəsi mümkün görünmür.

Vahab Rzayev

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR