Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını Bakıya gətirəcək

Azərbaycan Dövlət Neft Fondu qızıl ehtiyatlarını Bakıya gətirəcək
# 15 noyabr 2012 08:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) London birjasında (COMEX) aldığı qızıl külçələrin ilk partiyasının ilin sonunadək Azərbaycana gətirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, alınmış qızıl ehtiyatının 1 ton həcmində ilk partiyası artıq bu ilin sonunadək Bakıya gətirilərək saxlanmaq üçün Azərbaycan Mərkəzi Bankına (AMB) təhvil veriləcək. Fondun qızıl ehtiyatının AMB-nin anbarında saxlanılması ilə bağlı tərəflər arasında danışıqlar artıq başa çatıb: «Mərkəzi Bankın bu qızılın saxlanılması üçün kifayət qədər imkanları mövcuddur».

Bununla yanaşı, ARDNF başçısı hazırda Londonda saxlanılan qızıl ehtiyatlarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən problemlərin olduğunu bldirib ki, bu da həmin xidmətlərin göstərilməsi üçün aviaşirkətlərin məhdud daşıma imkanları ilə bağlıdır. Ş.Mövsümov qeyd edib ki, heç bir aviaşirkət qızılın daşınması üçün bir dəfəyə 1 tondan artıq qızılı göyərtəsinə götürmür.

Xatırladaq ki, hazırda ARDNF-in ümumi qızıl ehtiyatları təxminən 11 ton təşkil edir. Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq «JP Morgan» bankının London anbarı seçilib. Fondun alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.

Azərbaycan Dövlət Neft Fondu qızılın alınmasına 2012-ci il fevralın 1-dən başlayıb. Həftədə 25 qızıl külçə və ya 10 min unsiya qızıl alınır və qarşıdakı iki il ərzində 30 ton qızılın alınması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR