Rusiya DİN Pokrovsk bazasında reyd keçirilməsinə münasibət bildirib - EKSKLÜZİV

Rusiya DİN Pokrovsk bazasında reyd keçirilməsinə münasibət bildirib  - <span style="color: red;">EKSKLÜZİV
# 03 aprel 2013 14:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Moskvanın Pokrovsk meyvə-tərəvəz bazasında xüsusi təyinatlı polis tərəfindən aparılan yoxlama planlı reyd olub”. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, reydin məqsədi bazada fəaliyyət göstərən şəxslərin qeydiyyatının yoxlanması və digər məsələlər olub. DİN-dən xüsusi təyinatlıların keçirdiyi reyd barədə ətraflı məlumat verə bilməyəcəklərini söyləyiblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov isə APA-ya açıqlamasında Pokrovsk bazasında baş verənlərin onun nəzarətində olduğunu söyləyib: “Bu, hər zaman keçirilən reydlərdən biridir. Xüsusi təyinatlı polis dəstələri bazarda fəaliyyət göstərənlərin qeydiyyat vərəqələrini yoxlayırlar. Bu, onların işidir. Polis tərəfindən müxtəlif bölmələrə aparılan şəxslərin xəstəliklərinin olub-olmadığı da yoxlanılacaq”.

E. Səmədov “OMON”un bu reydinin təkcə azərbaycanlılara qarşı olmadığını söyləyib: “Bazada təkcə azərbaycanlılar işləmir ki?! Burada digər millətlərin də nümayəndələri fəaliyyət göstərirlər. “OMON” tərəfindən keçirilən reyd onlara da aiddir. Orada çoxlu adamlar olur. Çoxlu adam olan yerdə cinayətkarların da olması mümkündür. Ona görə də, “OMON”un reyd keçirməsi təəccüblü bir şey deyil. Keçirilən reyd nəticəsində saxlanılanlar var. Amma heç kəs həbs olunmayıb. Saxlanılanların sayı barədə dəqiq məlumat yoxdur. Onlar müxtəlif polis bölmələrinə aparılıblar. Polis yoxlamasını aparıb, qanunu pozmayan şəxsləri azad edəcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında “OMON” dəstələri Pokrovsk meyvə-tərəvəz bazasında əməliyyat keçiriblər. Onlar çoxlu sayda azərbaycanlını saxlayaraq polis şöbəsinə aparıblar. Bir müddət sonra isə azərbaycanlılar sərbəst buraxılıb. Bazarda işləyən həmyerlilərimiz APA-ya bildiriblər ki, Rusiya xüsusi təyinatlı polisinin məqsədi qeydiyyat problemi olan azərbaycanlılardan pul yığmaqdır.

Pokrovsk bazası Rusiyanın ən böyük meyvə-tərəvəz bazasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR