Mehmanxana əməkdaşlarına sertifikatların təqdimetmə mərasimi keçirilib

Mehmanxana əməkdaşlarına sertifikatların təqdimetmə mərasimi keçirilib
# 13 aprel 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. I Avropa Oyunlarına hazırlıq məqsədi ilə keçirilmiş təlimlərdə iştirak edən mehmanxana əməkdaşlarına sertifikatların təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, Oyunların və kəndlərin xidmət üzrə direktoru Donna Taylor, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Memet Yaşar və başqaları iştirak edib.

Təqdimat mərasimində Avropa Oyunlarına hazırlıq, xidmət səviyyəsinin təşkili məsələlərini əhatə edən videoçarx təqdim olunub.

Şöbə müdiri A. İsmiyev bildirib ki, təlim kursları I Avropa Oyunlarına hazırlıq məqsədilə aprelin 6-da Bakı Turizm Peşə Məktəbində başlanılıb. Bakıda fəaliyyət göstərən 30-a yaxın mehmanxanadan 100-dən artıq dinləyicinin iştirak etdiyi təlim-tədris kurslarında əsasən 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edib.

Tədbirdə bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində 10 ildən artıqdır, respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.

Avropa Oyunlarına gələcək idmançılara və qonaqlara yüksək xidmət göstərmək məqsədilə Bakı təlimlərindən əvvəl mart ayında mehmanxana əməkdaşları üçün Mingəçevir şəhərində bu istiqamətli təlimlər keçirilib.

Tədbirdə iştirak edən dinləyicilərə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR