Azərbaycanda kanalizasiya qurğularından yaşayış binalarına qədər sanitariya mühafizə zonaları müəyyənləşdirilib

Azərbaycanda kanalizasiya qurğularından yaşayış binalarına qədər sanitariya mühafizə zonaları müəyyənləşdirilib
# 27 avqust 2015 14:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbayanda kanalizasiya qurğularından yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər sanitariya mühafizə zonaları müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Kanalizasiya. Xarici şəbəkə və qurğular” barədə qərarına əsasən yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrinə qədər çöküntünü qıcqırtmaq üçün lil sahələri olan mexaniki və bioloji təmizləmə qurğuları, həmçinin ayrılıqda yerləşmiş lil sahələri üçün minimum 150, maksimum 500 metr, çöküntüləri bağlı otaqlarda termomexaniki emal edilən mexaniki və bioloji təmizləmə qurğuları üçün 100-400 m, süzmə sahələri üçün 200-500 m sanitariya mühafizə zonası ayrılmalıdır.

Becərilən-suvarılan torpaq sahələri isə yaşayış binaları, ictimai və yeyinti sənayesi sahələrindən 150-400 m uzaqlıqda olmalıdır. Bu məkanlarda bioloji nohurlar üçün 200-300 m, dövretdirici oksidləşdirici kanalları olan qurğular üçün isə 150 m sanitariya mühafizə zonası müəyyənləşdirilib. Məhsuldarlığı sutkada 280 min m3-dan (280 min.m3/ sut) böyük olan, həmçinin tullantı sularının təmizlənməsinin və çöküntünün emal edilməsinin qəbul edilmiş texnologiyasından kənara çıxmalar olduqda kanalizasiya qurğularının sanitariya-mühafizə zonaları Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti ilə razılaşdırıldıqdan sonra təyin edilməlidir. Sanitariya-mühafizə zonalarının, yaşayış binaları küləyin təmizləyici qurğular tərəfdən əsdiyi ərazidə yerləşdiyi hallar üçün 2 dəfəyə qədər artırılmasına, yaxud əlverişli küləklər qrafiki olduqda 25%-ə qədər azaldılmasına yol veriləcək. Sahəsi 0,5 ha-ya qədər olan süzmə sahələrindən və məhsuldarlığı 50 m3/sut-ya qədər olan mexaniki və bioloji (biofiltrlərdə) təmizləmə qurğularından sanitariya-mühafizə zonası 100 m qəbul edilməlidir. Məhsuldarlığı 15 m3/sut-dan az olan yeraltı süzmə sahələrindən sanitariya-mühafizə zonası 15 m qəbul edilməlidir. Süzmə xəndəkləri və qum-çınqıl filtrlərindən sanitariya-mühafizə zonası 25 m, septiklərdən və süzmə quyularından müvafiq olaraq 5 və 8 m, məhsuldarlığı 700 m3/sut-ya qədər olan aerob stabilləşmə ilə tam oksidləşdirən aerasiya qurğularından 50 m qəbul edilməlidir. Boşaltma stansiyalarından sanitariya-mühafizə zonası 300 m qəbul edilməlidir. Yaşayış ərazilərinin səth axım sularını təmizləyən qurğulardan sanitariya-mühafizə zonası 100 m, nasos stansiyalarından 15 m, sənaye müəssisələrinin təmizləyici qurğularından sanitariya-epidemioloji xidmət ilə razılaşdırmaya əsasən qəbul edilməlidir. Şlamtoplayıcılardan sanitariya-mühafizə zonası şlamın tərkibi və xüsusiyyətlərindən asılı olaraq sanitariya-epidemioloji xidmət ilə razılaşdırmaya əsasən qəbul edilməlidir.

Qərarda qeyd edilib ki, yaşayış məntəqələrinin kanalizasiya sistemləri layihələndirilərkən yaşayış binalarından kənarlaşdırılan məişət tullantı sularının il ərzində orta sutkalıq xüsusi hesabi sərfi ərazinin və yaşıllıq zonalarının suvarılması nəzərə alınmadan il ərzində orta sutkalıq xüsusi hesabi su sərfinə bərabər qəbul edilməlidir. Kanalizasiyası olmayan rayonlarda xüsusi su kənarlaşdırılma norması bir sakin üçün 25 l/sut qəbul edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR