Anar: “Gürcüstanda yaşayan azərbaycanlı yazarlar da AYB-nin qurultayına nümayəndə seçiləcəklər”

Anar: “Gürcüstanda yaşayan azərbaycanlı yazarlar da AYB-nin qurultayına nümayəndə seçiləcəklər”
# 14 mart 2013 07:45 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçılar da Azərbaycan Yazıçılar Birliyinin qurultayına nümayəndə seçiləcəklər. Qurultaydan əvvəl nümayəndələrimiz gəlib Borçalıda toplantılar keçirəcəklər.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Borçalıda azərbaycanlı şair və yazıçılarla görüşündə bildirib.

Onun sözlərinə görə, indən belə Borçalı yazarları ilə görüşlər tez-tez olacaq. AYB sədri Gürcüstan Yazıçılar İttifaqının (GYİ) rəhbəri Makvala Qonaşvilinin Dağlıq Qarabağa səfəri ilə bağlı münasibətini də açıqlayıb: “Makvalanı çoxdan tanıyıram. Müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişik. Hətta yadımdadır, o mənə şikayətləndi ki, bizim Yazıçılar İttifaqının binasını əlimizdən alırlar. Biz hamımız binanın geri qaytarılması ilə bağlı Gürcüstan prezidenti Mixail Saakaşviliyə məktubla müraciət etdik. İlk imza da mənim oldu. Onu demək istəyirəm ki, münasibətlərimiz yaxşı olub. Onun Qarabağa səfərini eşidəndə pərt olduq və ona teleqram vurub narazılığımızı bildirdik. O da bizə cavab yazaraq üzrxaqlıq etdi və biz o cavabı mətbuatda dərc etdik. Gürcüstan yazıçıları onu ittifaqa sədr seçib, biz buna qarışa bilmərik. Biz bunu qəbul etməliyik. Ona görə ki, bu gün o, ittifaqın rəhbəridir və biz onunla iş görməliyik. Onu düşmən etmək yox, çalışmalıyıq ki, dost olsun”.

Anar Gürcüstanda yazıb-yaradan şair və yazıçıların GYİ-yə üzv olacaqlarını da bildirib. “Siz kimi məsləhət görürsünüzsə, mən 3-5 nəfərin təşkilata üzv qəbul edilməsini Makvala Qonaşvilidən xahiş edəcəyəm”.

AYB sədri şair və yazıçılara ad verilməsinə də münasibət bildirib: “Birinə xalq şairi adı verirsən, beşi inciyir. Dünyanın heç bir yerində nə xalq şairi, nə də xalq yazıçısı var. Mən bu məsələni Heydər Əliyevin iştirak etdiyi toplantıda qaldırmışdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR