Təhsil naziri: “Azərbaycanda peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır”

Təhsil naziri: “Azərbaycanda peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır”
# 02 aprel 2015 07:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin 5 saylı Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov nazirliyin digər rəhbər şəxsləri və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.


Layihələrin təqdimatı zamanı məlumat verilib ki, Təhsil Nazirliyi ilə "Abşeron hotel group" MMC arasında razılaşmaya əsasən 5 saylı liseydə ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiləcək. Məqsəd I Avropa Oyunları ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu "Bulvar hotel" və "İnturist hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.


Nazir Mikayıl Cabbarov bildirib ki, peşə təhsili bütün təhsil sistemində mühüm rola malikdir və onun inkişafı üçün qarşıda bir çox mühüm vəzifələr dayanır: “Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirik və bununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün bu və ya digər məsələlər peşə təhsilinin qarşısında imkan, fürsət və çağırışdır”.

Nazir qeyd edib ki, peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır. Onun sözlərinə görə, bu əlaqə olmadan həyata keçirilən iş istənilən səviyyədə səmərəli ola bilməz. M. Cabbarov 5 saylı Bakı Peşə Liseyində peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini bildirib. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına töhfə verəcəyini vurğulayıb. Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və "Abşeron Hotel Group" MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlar.

"Abşeron Hotel Group" MMC-nin direktoru Mark Harald Ehler çıxışında cari ilin iyununda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycana idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir.

Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR