Qazaxda bir neçə uşaq bağçası və körpələr evinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Qazaxda bir neçə uşaq bağçası və körpələr evinin fəaliyyətində nöqsanlar aşkarlanıb
# 06 aprel 2015 13:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və Azadlıq küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində yoxlama aparılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanmas”ı standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub. Mətbəxdə olan soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunur, istismar olunan məişət qabları köhnəlmiş vəziyyətdədir, soba köhnə və paslanmışdır, odunlar uşaqların yataq otağında saxlanılır.

6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həmdə otaqların qızdırılmasına kifayət deyil. Habelə mətbəx işçiləri uniformayla təmin olunmamışlar və işçilər tibbi müayinədən keçirilməyib.

Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin bişirilmiş yeməklərin gündəlik nümunəsinin götürülməsi zamanı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümunə 100 qramdan az olmayaraq yemək və qarnir nümunələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 dərəcədə saxlanılmalıdır. Lakin nümunələr adi qablarda götürülərək soyuducuda xammallarla bir yerdə saxlanılır.

Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR