AMİP: Səbail rayon təşkilatımızın qərargahı uçurulub - FOTO

AMİP: Səbail rayon təşkilatımızın qərargahı uçurulub - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Səbail rayon təşkilatının (RT) Bayıl qəsəbəsi, Xanlar küçəsi 8 ünvanında yerləşən qərargahı uçurulub. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP Səbail RT 1992-ci ildən həmin qərargahda fəaliyyət göstərirmiş: “Qərargahın yerləşdiyi 71.4 kv.m sahəsi olan tikili AMİP-lə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən AMİP Səbail rayon təşkilatına icarəyə verilib. Ötən dövr ərzində icarə haqları mütəmadi olaraq ödənilib”.

Binanın hansı təşkilat və ya fiziki şəxs tərəfindən uçurulması məlum deyil. Söküntü işləri aparılarkən partiyaya heç bir xəbərdarlıq edilməyib və məlumat verilməyib: “Binanın xəbərdarlıqsız sökülməsi nəticəsində AMİP Səbail RT-yə məxsus avadanlıq, arxiv sənədləri və materiallar məhv olunub və dağıdılıb. Bununla da partiyaya külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Partiya baş vermiş olayla əlaqədar Bakı şəhəri Səbail rayon Prokurorluğuna və Səbail rayon Polis İdarəsinə müraciət edib. AMİP baş vermiş bu hadisəni partiyaya qarşı törədilmiş təxribat və yerli təşkilatlarımızın siyasi fəaliyyətinin məhdudlaşdırılmasına cəhd kimi qiymətləndirir və müvafiq dövlət orqanlarının, aidiyyəti təşkilatların hadisəni obyektiv araşdıracağına və lazımi tədbirlər görəcəyinə ümidvar olduğunu bildirir.

Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov isə APA-ya bildirib ki, həmin söküntü işlərinin RİH-ə aidiyyəti yoxdur: “Təkcə onu deyə bilərik ki, qərargah deyilən ünvanda sonuncu dəfə fəaliyyət 10-15 il əvvəl olub. Ora sökülənə qədər uçuq-sökük daxma idi və heç bir fəaliyyət yox idi”.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə APA-ya açıqlamasında AMİP-in Səbail rayon təşkilatının qərargahının sökülməsi barədə geniş məlumata malik olmadığını bildirib: “Düzdür, bizim AMİP-lə dövlət adından müqaviləmiz var. Amma ola bilsin həmin ərazidə köçürülmə işləri aparılır. Səhv etmirəmsə, bu işi “Azəryolservis” görür. Mən qərargahı sökülən şəxslərə məhkəməyə müraciət etməyi məsləhət görürəm. Ayrı heç nə deyə bilmərəm”.

“Azəryolservis” ASC-dən isə APA-ya bildirilib ki, hazırda ASC Bayıl qəsəbəsində heç bir yol çəkilməsi və ya köçürülmə işi aparmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR