Azərbaycanın ilk qadın teatr rejissorunun xatirə gecəsi keçirilib

Azərbaycanın ilk qadın teatr rejissorunun xatirə gecəsi keçirilib
# 17 oktyabr 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və teatrın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova Azərbaycan teatr sənətinin inkişaf edib formalaşmasında əvəzsiz xidmətləri olmuş Ulduz Əliyevanın genişmiqyaslı rejissorluq fəaliyyətinə nəzər salaraq, onun mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışıblar.

Teatrın aktyorları, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Almaz Mustafayeva, Sona Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər. Tədbirdə vaxtilə Ulduz Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi “Kiçik faciələr” (A.S.Puşkin) “Şirinbala bal yığır” (S.Qədirzadə), “Mənim nəğməkar bibim” (Ə.Əylisli), “Qaraca qız” (S.Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib, “Təbəssüm” uşaq rəqs kollektivi, Əməkdar artist Nərgiz Kərimova, Ulduz Əliyeva-Rəfilinin opera studiyasında tələbəsi olmuş müğənni İntiqam Kərimovun, Musiqili Komediya Teatrının solisti Elvin Əliyevin çıxışları ilə yanaşı, teatrın aktyoru İlham Əsədovun ifaları maraqla qarşılanıb. Tədbirin rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov olub.

Ulduz Əliyeva 1952-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayıb. Bu illər ərzində o, 50-dən artıq tamaşaya (“İkinci ailə” (1954), “Ayrılan yollar” (1957), “Durna qatarı” (1958), “Qavroş” (1959), “Ümid nəğməsi” (1959), “Hünər” (1963), “Şirin bala bal yığır” (1965), “Xoruz” (1965), “Dovşanın ad günü” (1966), “Dan ulduzu” (1967), “İki ağanın bir nökəri” (1968), M.Təhmasib “Rübailər aləmində” (1968), “Ötən ilin son gecəsi” (1968), “Qaraca qız” (1971), “Aycan” (1973), “Mənim nəğməkar bibim” (1975) və s.) maraqlı quruluşlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR