Berti Foqts Rusiya ilə oyuna yeni qapıçı çağıracaq

Berti Foqts Rusiya ilə oyuna yeni qapıçı çağıracaq
# 01 oktyabr 2012 12:30 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oktyabrın 16-da keçirəcəyi səfər oyununa “Sumqayıt”dan 2 futbolçu çağırılacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun hələlik açıqlamadığı siyahıda “gənclik şəhəri” təmsilçisinin 2 üzvü yer alacaq. Bunlar qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Murad Ağayevdir.

Murad son vaxtlar milliyə tez-tez çağırılsa da, Səlahət uzun fasilədən sonra əsas yığmada yer alacaq. 21 yaşlılardan ibarət yığmamızda çıxışını başa vuran Ağayev artıq millimizin heyətinə cəlb olunur.

Görünür, baş məşqçi Berti Foqts əsas qapıçı Kamran Ağayevin klubsuz, digər qapıçılar – Anar Nəzirovla Aqil Məmmədovun oyun praktikası sarıdan korluq çəkdiyi vaxtda, “Sumqayıt”da daim oynayan Ağayevin dəvət olunmağını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Səlahət millidə yeganə oyununu məhz Foqtsun vaxtında – 2010-cu ildə Hondurasla Avstriyada 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə əvəzedilmədən keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR