Bakıda “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” mövzusunda seminar keçirilir

Bakıda “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” mövzusunda seminar keçirilir
# 07 noyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində növbəti seminarı keçirilib.

APA-nın məlumatına görə, BMT Ümumdünya Turizm Təşkilatının (BMÜTT) «2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı»nın Azərbaycanda keçirilməsinə dair 2011-ci ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində BMÜTT və Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu silsilədən ilk seminar ötən ilin 22-25 noyabr tarixlərində keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, seminar noyabrın 9-dək davam edəcək: “Statistika sahəsi, dolğun və səlis statistik məlumatların toplanılması digər sahələr kimi turizm sahəsi üçün də çox önəmlidir. Dəqiq statistika bizim bir sıra problemlərimizin həlli üçün vacib bir sahədir. Planlaşdırma, konsepsiyaların və inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyələşdirmə strategiyasının qurulması və digər işlərin səmərəli təşkili tam şəkildə statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır. Turizm sahəsi üçün statistika həm də ona görə önəmlidir ki, fəaliyyətimizi planlaşdırıb digər sahələrin statistik göstəricilərinə arxalanaq. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və sair iqtisadi göstəricilər bilavasitə turizmin inkişaf planlarına təsir göstərir. Bu səbəbdən təkcə turizm üzrə yox, digər sahələrdə də dəqiq statistik məlumatların toplanılması bizim üçün vacibdir”.

Nazir müavini deyib ki, statistika seminarına maraq tədricən artmaqdadır və keçən il keçirilən seminarda 19 iştirakçı vardısa, bu il iştirakçıların sayı 22-yə çatıb. Onun sözlərinə görə, turizm sahəsində post-sovet məkanının müstəqil dövlətləri ilə əlaqələrin bərpası və genişləndirilməsi bizim üçün prioritet istiqamətdir. Daha sonra çıxış edən BMÜTT-nin nümayəndəsi Azərbaycanın onlar üçün önəmli ölkə olduğunu deyib.

Qeyd olunan seminarda BMÜTT-yə üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının, həmçinin Mərkəzi Bankların nümayəndələri, BMÜTT-nin məsul əməkdaşları və statistika sahəsində ekspertləri də iştirak edir.

Azərbaycan tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti ilə təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR