Prezident İlham Əliyev: “TANAP” layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaq”

Prezident İlham Əliyev: “TANAP” layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaq”
# 10 oktyabr 2012 21:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edb.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin son 9 ayın yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident “Ümid” yatağından ilkin qazın artıq gətirildiyini, qaz quyularının debitlərinin çox yüksək olduğunu qeyd edib: “Birinci quyunun göstəriciləri çox ümidvericidir. Yəni, “Ümid” öz adını doğruldur. “Ümid” yatağının Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəşf edilməsi tarixi hadisədir. Çünki son illər ərzində ilk dəfədir ki, Azərbaycan Dövlət Neft Şirkəti təkbaşına böyük qaz yatağının işlənilməsinə nail ola bilib.

Hazırda qazın hasilatı gedir, sahilə ötürülür, kondensat hasil edilir. Bu yaxınlarda Neft Şirkəti tərəfindən mənə verilən məlumata görə, “Ümid” yatağından çox keyfiyyətli kondensat hasil edilir”.

Ölkə başçısı Azərbaycanın qaz resursları haqqında söhbət aparanda bəzi mütəxəssislərin ancaq “Şahdəniz” yatağı haqqında danışdıqlarını da xatırladıb: “Əlbəttə, “Şahdəniz” yatağı bizim ən böyük yatağımızdır. Ən azı bir trilyon 200 milyard qaz ehtiyatları var. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir. Ancaq bizim qaz resurslarımız təkcə “Şahdəniz”lə məhdudlaşmır. Biz gələcək ixrac imkanlarımızı ancaq “Şahdəniz”də olan hasilatla məhdudlaşdırmamalıyıq”.

Prezident deyib ki, “Ümid” yatağında ən azı 300 milyard kubmetr qaz var: ““Total” və “Gaz de France” şirkətləri tərəfindən “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkarlanıb. Orada da ən azı 300 milyard kubmetr qaz var. Yəni, biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan “TANAP” layihəsinin təşəbbüskarı olub. Çünki bizə elə qaz infrastrukturu lazımdır ki, istənilən həcmi istənilən istiqamət üzrə dünya bazarlarına çıxara bilək. Bizə kiçik ölçülü qaz kəməri lazım deyil ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin. Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. “TANAP” layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdir”.

Prezident deyib ki, uzun illər müxtəlif layihələr ətrafında diskussiyalar gedib:” Biz görürük ki, bu diskussiyalar elə-belə gedir, bunun sonu yoxdur. Yığışırlar, danışırlar, konfranslar, tədbirlər keçirilir, sənədlər imzalanıb, ortalıqda bir şey yoxdur. Biz belə işləməyə öyrəşməmişik. Biz konkret işləməyə öyrəşmişik. Ona görə, görəndə ki, bu diskussiyalar artıq sonsuz xarakter daşıyır, biz konkret qərar verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün məsələlər həll olundu. İndi dünyada “TANAP” layihəsinə böyük maraq var. “TANAP” layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaq”.
Prezident deyib ki, Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR