Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin ofisi açılıb

Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin ofisi açılıb
# 10 noyabr 2010 08:59 (UTC +04:00)
Cəmiyyətdən APA-ya verilən məlumata görə, noyabrın 8-də keçirilmiş açılış mərasimində səfirlər, Avropa Parlamentinin üzvləri, səlahiyyətli nümayəndələr, diplomatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

AAC-ın təsisçisi və rəhbəri Tale Heydərov tədbirdə açılış nitqi ilə çıxış edərək əsasən Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğalının davam etməsi üzərində dayanıb: “Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı Azərbaycan torpaqlarının qaytarılması və Azərbaycandakı çoxsaylı sərmayə imkanlarının tanıdılması üçün AAC Avropanın mərkəzində olmalıdır. Biz Avropa Birliyi və Azərbaycan arasındakı ikitərəfli ticarəti genişləndirmək üçün avropalı parlamentarlar və bu işdə marağı olan bütün ölkələrlə danışıqlar aparmalıyıq. AAC üçün ən əsası həqiqəti təbliğ etmək və qanunsuz təcavüzə son qoyması üçün Ermənistana təzyiqi artırmaqdır. Avropa Birliyi razılaşdırılmış, ardıcıl xarici siyasəti inkişaf etdirir və bu məqsədlə xarici siyasət idarəsini də yaradıb. Biz inanırıq ki, baronessa Eştonun rəhbərliyi Avropa Birliyinin regional sülh və stabilliyə nail olmasına əlavə təkan verəcək”.

Daha sonra tədbir Avropa Parlamentinin üzvü, professor Georgi Şopflinin (György Schöpflin) nitqi ilə davam edib. Bir macarıstanlı olaraq o qeyd edib ki, Azərbaycanın dilemmasıni anlayır, çünki 1989-cu ilə qədər bütün Şərq ölkələri Sovet İttifaqının tabeliyində idi və Qərbdə demək olar ki gözəgörünməz idilər, tanınmırdılar: “Azərbaycan üçün Avropaya aid olmaq vacibdir. Bu ölkə Brüsseldə ilk addımlarını atıb və bununla da öz yaxınlığını göstərib. Bu irəliləyiş onu göstərir ki, Azərbaycan Avropa ailəsinin bir üzvünə çevrilir və Avropanın periferiyaları mərkəzə daha da yaxınlaşır”.

Onun ardınca Avropa Parlamentinin üzvü, AB-Ermənistan, AB-Azərbaycan və AB-Gürcüstan parlament əməkdaşlığı komitələrindəki nümayəndə heyətinin sədr müavini, “Şərq Tərəfdaşlığı” Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, 1990-1992-ci illərdə Litvanın dövlət başçısı olmuş professor Vitautas Landsbergis söz alıb. Regionu dərindən anlayan Landsbergis əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəldib: “Avropa Birliyinə yaxınlaşmaq Azərbaycan üçün sülh şəraitində tərəqqi və inkişafa nail olmağın yeganə yoludur. Azərbaycanın ən böyük qələbəsi sülh olacaq”.

Postsovet ölkələri arasında qarşılıqlı anlaşmanın yaranmasında gənclərin və qadınların roluna diqqəti çəkən Landsbergis qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi barədə Şöpflinin fikirlərini təkrarlayıb: “Azərbaycanın Avropaya, Avropanın da Azərbaycana ehtiyacı var”.

Tədbir Brüsseldə yaşayan Azərbaycanlı pianoçu və müğənni Nəzrinin çıxışı ilə davam edib. İştirakçılar həm də “Azərbaycan – Odlar Yurdu” adlı foto-sərgiyə də baxıblar. Burada Azərbaycan memarlığı, mədəniyyəti və təbiətini əks etdirən şəkillər nümayiş olunub.

AAC-ın Brüsseldəki ofisinə Eliza Piter rəhbərlik edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR