Rusiya-Azərbaycan beynəlxalq humanitar forumunda Bakı bəyannaməsi qəbul olunacaq

Rusiya-Azərbaycan beynəlxalq humanitar forumunda Bakı bəyannaməsi qəbul olunacaq
# 02 oktyabr 2012 17:23 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. “Bakıda keçiriləcək Rusiya-Azərbaycan beynəlxalq humanitar forumunun bütün təşkilati işləri, o cümlədən forumda müzakirəyə çıxarılacaq mövzular iki ölkənin birgə razılığı ilə müəyyən olunub”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, Foruma dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq: “Onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütəxəssisləri var”.

Ə.Həsənovun sözlərinə görə, forumun birinci və ikinci günü çərçivəsində həm plenar iclaslarda, həm bölmə iclaslarında müxtəlif sahələr üzrə müzakirələr keçiriləcək: “Sonda isə Bakı bəyannaməsi qəbul olunacaq”.

PA rəsmisi bildirib ki, ümumiyyətlə bu forumda bir tərəfdən təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliğinin yayılması və tətbiqi məsələləri nəzərdə tutulur: “Digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işinin bir az da həvəsləndirmək məqsədimiz var”.

Ə.Həsənov deyib ki, forum iştirakçıları 2 gün ərzində Azərbaycanın regionlarında mərkəzi icra orqanlarının təşkil etdikləri tədbirlərdə iştirak edəcək, müəssisələrdə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı təşkil olunmuş toplantılara qatılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR