«Apple» şirkətinin xalis mənfəəti 41 mlrd. dollara çatıb

«Apple» şirkətinin xalis mənfəəti 41 mlrd. dollara çatıb
# 29 oktyabr 2012 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Apple» şirkəti sentyabrın 29-da başa çatan 2012-ci maliyyə ilinin IV rübü üzrə göstəricilərini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, hesabat dövründə şirkətin gəlirləri 36 mlrd. ABŞ dolları, xalis mənfəəti isə 8,2 mlrd. dollar təşkil edib. Ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə «Apple»ın gəlirləri 27,2%, xalis mənfəəti isə 24,2% artıb.

Hesabat dövründə şirkət 26,9 mln. ədəd «iPhone» smartfonu, 14 mln. ədəd «iPad» planşet kompüteri, 4,9 mln. ədəd «Mac» kompüteri və 5,3 mln. ədəd «iPod» pleyeri satıb. Ötən ilin IV rübü ilə müqayisədə «iPhone» smartfonlarının satışı 58%, «iPad»ların satışı 26%, «Mac»ların satışı 1% artıb, «iPod»ların satışı isə 19% azalıb.

Bununla yanaşı, «Apple»ın ümumilikdə başa çatan il ərzində xalis mənfəəti 41 mlrd. dollar, əməliyyatlardan gələn ümumi gəlirləri isə 50 mlrd. dollar təşkil edib. Proqnozlara əsasən, şirkətin gəlirləri 52 mlrd. dollar, səhm üzrə mənfəət isə 11,75 dollar təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR