BMT-nin baş katibi 2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günü münasibətilə müraciət yayıb

BMT-nin baş katibi 2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günü münasibətilə müraciət yayıb
# 02 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT-nin baş katibi Pan Ki Mun 2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günü münasibətlə ictimaiyyətə müraciət edib.

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katib müraciətində qeyd edib ki, bu ilin əvvəlində Nyu Dehlidə yerləşən Rac Qat abidəsinin qarşısında Mahatma Qandiyə olan hörmətini bildirmək şərəfinə nail olub: “Qandinin təxəyyülü və örnəyi tək bir insanın dünyanı dəyişməyə qadir olduğunu nümayiş etdirdi. Onun əbədi mirasına xatirə olaraq biz hər il onun doğum günündə bu tarixi Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edirik”.

P.K.Mun bildirib ki, bugünkü qlobal çaxnaşma və keçid dövründə dünyaya nəzər saldıqca, tolerantlığın sınağa çəkildiyini görür: “Əfqanıstandan Suriyaya qədər baş verən döyüşlər çoxsaylı tələfatla nəticələnir. İqtisadi böhran ksenofobiya və ayrı-seçkiliyin digər təhlükəli və qorxunc formalarına yol açır. Milyonlarla insan terrorizm, insan alveri, qadınlara qarşı zorakılıq və hüquqlarının pozulması ilə üzləşir. Mən zorakılığın qarşısının alınmasını BMT-nin beş illik fəaliyyət gündəliyinin əsas prioriteti olaraq irəli sürmüşəm. Lakin zorakılığın qarşısının alınması yalnız döyüşən tərəfləri ayırmaqdan və gərginliyi aradan qaldırmaqdan ibarət deyil. Münaqişə və qeyri-tolerantlığın köklərinin əsaslı surətdə aradan qaldırılması qeyri-zorakılıq və sülh mədəniyyətinə şərait yaradacaq”.

Baş katib hökumətləri zorakılığa qarşı mübarizədə ön cərgədə olmağa çağırıb: “Qeyri-zorakılığın təməli xalq - müəllimlər, din xadimləri, valideynlər və icma nümayəndələri, işgüzar insanlar və sadə vətəndaşlar tərəfindən qoyulacaq. Gəlin qeyri-zorakılıq və davamlı sülh dünyasını qurmaq üçün birgə çalışaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR