Gülüstan qalasında aparılan tədqiqat işləri zamanı çoxlu sayda maddi mədəniyyət nümunələri aşkarlanıb - FOTO

Gülüstan qalasında aparılan tədqiqat işləri zamanı çoxlu sayda maddi mədəniyyət nümunələri aşkarlanıb - <font color=red>FOTO</font>
# 13 avqust 2012 08:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Şirvanşahlar dövlətinin əsas iqamətgahı olan Şamaxıdakı Gülüstan qalasında aparılan tədqiqat işləri zamanı çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Quliyev məlumat verib. Onun sözlərinə görə, tədqiqat işləri zamanı müxtəlif təyinatlı binaların qalıqları, əmək alətləri və silahlar, müxtəlif formalı saxsı məmulatı, IV-XV əsrlərə aid gümüş və mis sikkələr, tunc və şüşədən hazırlanmış üzük, sırğa və bilərziklər, mineral daş, pasta və sümükdən hazırlanmış muncuqlar, daş kitabələr, top mərmiləri, qəbirlər və qalaya gedən gizli yeraltı yol aşkara çıxarılıb.
A.Quliyev deyib ki, qalada tədqiqatlar hələ 2011-ci ildə başlanıb. Bu il aparılan tədqiqatlar zamanı qalaya gələn su xətti aşkar edilib. Qazıntı işləri vaxtı saray hamamının qalıqları üzə çıxarılıb. Bundan başqa, Şamaxı, Gülüstan, Qəbələ, Şabran, Gəncə və Təbrizdə zərb edilmiş çoxlu sayda gümüş və mis sikkələr, Azərbaycan, Cin, Mərkəzi Asiya, İran və Avropada istehsal edilmiş saxsı məmulatı, çoxlu sayda bəzək əşyaları tapılıb.
Gülüstan qalasında aparılan tədqiqat işləri ölkə daxilində və xaricdə böyük marağa səbəb olub. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Türkiyənin Mustafa Kamal Atatürk Universiteti arasında bağlanmış müqavilə əsasında Türkiyəli arxeoloqlar professor doktor Aynur Özfirat və dosent-doktor Şevket Dönmez Gülüstan qalasında tədqiqatlarla tanış olub və gələcəkdə birgə tədqiqatların aparılması haqqında ilkin razılığa gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR