Bank Of Baku

Zahid Oruc: Tarixi Qələbəyə görə bizi bağışlamırlar, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

© APA | Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

# 13 oktyabr 2026 13:27 (UTC +04:00)

Tarixi Qələbəyə görə bizi bağışlamırlar, ölkəmizə hərbi müdaxilə mümkün olmadğı üçün daxili ziddiyyətləri artırmaq, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi: “Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan cavab verildi. Ali Baş Komandanın “Qələbəni təkbaşına qazandıq” mesajı heç bir xarici mənəvi-siyasi dəstəyi inkar etmədən, lakin Zəfərin müəllifinin Azərbaycan dövləti, ordusu və xalqı olduğunu dünyanın hər yerində qürurla vurğulamaqdır. Ölkəmizə qarşı məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüfi deyil. Ermənistanla sülh danışıqları həlledici mərhələyə qədəm qoyub, qlobal təhlükələr şəraitində dövlətimiz yeni təhlükəsizlik arxitekturası qurur. Ona görə bizi bağışlamırlar. Bəli, Qələbə Azərbaycanın dostlarını və tərəfdarlarını artırılıb, lakin bir çoxları üçün də qorxulu nümunəyə çevrilib. Ölkəmizə hərbi müdaxilə mümkün olmadğı üçün daxili ziddiyyətləri artırmaq, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib. Lakin dövlətimizə, onun dünyəvi quruluşuna, ölkə başçısına hücum edən və xalqımızın qalibiyyətinə ləkə vuran qüvvələr nə müsəlman, nə də türk ola bilməzlər.

Təkcə ABŞ Konresmenləri, Avropa Parlamenti deyil, o cümlədən dini quruluşlarını və həyat tərzlərini ölkəmizə ixrac etməyə çalışan dövlətlərin əlindən Qarabağ münaqişəsi çıxıb, erməni məsələsi coğrafiyamızdan kənarlaşdırılıb, İrəvan əvvəlkitək milli dövlətçiliyimizi sarsıtmaq planlarına yaramır. Xalqımızın dini inanclarının istismar edilməsi və dövləti məscidlərdən idarə etməyə çalışması, milli kimliyimizi azərbaycançılığın əleyhinə yönəltməsi bir məqsədi güdür- millətimizi yenidən 26 sentyabra qədərki dövrünə, məcburi köçkünlük əsrinə qaytarsınlar. Lakin heç bir dini zehniyyət, islam təəssübkeşliyi orta əsr Xilafəti modelində dini dövlət qucuculuğuna səbəb ola bilməz. Biz müsəlman ölkəsiyik, lakin islam dövləti istəmirik, türk dövlətiyik, lakin müstəqli siyasi paytaxtımız var, Qərblə, Şərqlə əməkdaşlıq edirik, lakin heç bir dövlətin forpostu deyilik. Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub: bir vaxtlar şimaldan, sonra cənubdan, indi isə müxtəlif paytaxtlardan xilaskar, yaxud himayədar istəyənlər var. Tarix isə bir həqiqəti dəfələrlə təsdiqləyib: müttəfiqlik qiymətlidir, lakin dövləti yalnız öz xalqının iradəsi, güclü vətəndaşı və qəhrəman ordusu qoruyur. 2020-ci il Qələbəsinin ən böyük ideoloji nəticəsi odur ki, Azərbaycan öz taleyini başqasına bağlamayanda qalib gəlir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR