Azərbaycan prezidenti Milli Konservatoriyanın yeni binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti Milli Konservatoriyanın yeni binasının açılışında iştirak edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 08:56 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradıldığını bildirib. O qeyd edib ki, lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait var.

Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir.


Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən dövlət başçısı qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir.

Bu sırada muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən prezident gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev bir daha gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq vurğulayıb ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən layihələrdən danışıb, milli musiqiyə, muğama marağın artdığını bildirib.

Tədbirin sonunda prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub. Mərasimdə gənc musiqiçilərin ifasında muğam səslənib. Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olunub, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR