Azərbaycan Mərkəzi Bankında BVF-nin missiyası ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankında BVF-nin missiyası ilə görüş keçirilib
# 04 mart 2014 14:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.

«APA-Economics»in xəbər verdiyi kimi, görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.

Bu il və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, «kontr-tsiklik bank nəzarəti» çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırıb.

Öz növbəsində R.Almarzoqi 2013-cü ildə ölkədə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkənin qarşısında duran qısa və ortamüddətli çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.

Görüşdə həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR