AEBA: İran Cenevrə razılaşmasına sadiq qalmaqla özünün bəzi nüvə fəaliyyətlərini dayandırıb

AEBA: İran Cenevrə razılaşmasına sadiq qalmaqla özünün bəzi nüvə fəaliyyətlərini dayandırıb
# 23 may 2014 12:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı bu gün yayacağı gözlənilən növbəti rüblük hesabatının detalları məlum olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, İran 2013-cü ilin noyabrın 24-də Cenevrə şəhərində əldə olunmuş müvəqqəti razılaşmaya indiyədək sadiq qalmaqla özünün bəzi nüvə fəaliyyətlərini dayandırıb: “İran nüvə razılaşmasının bütün müddəalarına əməl edib”. Hesabatda həmçinin İranın AEBA ilə yaxından əməkdaşlıq etdiyi də vurğulanır.

Qeyd edək ki, mayın 21-də Tehranda İranla AEBA arasında əməkdaşlığın davam etdirilməsi barədə 5 maddəlik razılaşma əldə olunub. Sənəddə həmin praktiki addımların avqustun 25-dək həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub. Həmin 5 praktik addımdan üçü mövcud cari məsələlər, ikisi isə keçmiş məsələlərlə bağlıdır. İran indiyədək AEBA ilə əldə etdiyi iki razılaşma ilə 13 praktiki addımı icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR