Kiyevdə itkin düşən azərbaycanlı yaralı vəziyyətdə tapılıb - YENİLƏNİB

Kiyevdə itkin düşən azərbaycanlı yaralı vəziyyətdə tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 21 fevral 2014 12:43 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, T. Mustafayevin Volın vilayətinin Lutsk şəhər xəstəxanasında yatdığı məluma olub.

Diaspor rəhbəri bildirib ki, xəstəxanadan məlumat daxil olan kimi dərhal T. Mustafayevlə telefon bağlantısı yaradıb: “Bildirdi ki, hazırda vəziyyəti orta-ağırdır. O, başına gələnləri danışaraq dedi ki, fevralın 19-dan 20-nə keçən gecə - səhərə yaxın Maydana yaxın küçələrin birində snayper atəşi ilə yaralanıb. Güllə onun bel nahiyəsindən girərək öndən çıxıb, lakin xoşbəxtlikdən güllə boşluğa düşdüyü üçün həyati təhlükə yaratmayıb. Huşunu itirdikdən sonra bir çox yaralı ilə birlikdə onu Kiyevin 17 saylı şəhər xəstəxanasına aparıblar. Orada üzərilərindəki sənədlərə əsasən yaralılar bölünərək qeydiyyatda olduqları vilayətlərə göndəriliblər. Ötən gün axşam T. Mustafayev də yaşadığı Volın vilayətinin Lutsk şəhərindəki xəstəxanaya yola salınıb”.

R. Tağıyev həkimlərlə də danışıb və həkimlər xəstənin həyatına təhlükə olmadığını, lakin onurğa sütununun müalicəyə ehtiyacı olacağını söyləyiblər. Məsələdən xəbər tutan T. Mustafayevin valideynləri onun yanına gediblər.

***

Saat 11:52

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur.

R. Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır: “Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib. Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyini bildirib”.

R. Tağıyev T. Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR