Mərkəzi Bank: Azərbaycanda nağdsız ödənişlər genişləndiriləcək

Mərkəzi Bank: Azərbaycanda nağdsız ödənişlər genişləndiriləcək
# 14 fevral 2014 13:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ildə qarşıda duran əsas vəzifələrdən biri yaradılmış potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması, habelə beynəlxalq təcrübədən yararlanmaqla nağdsız ödənişlərin çeşidinin, effektivliyinin və tətbiqi dairəsinin genişləndirilməsinə nail olmaqdır.

APA-Economics”in xəbərinə görə, bunu AMB sədrinin birinci müavini Alim Quliyev bildirib.

Nağdsız ödənişlərin artırılmasının əhəmiyyətini qeyd edən A.Quliyev deyib ki, artım nəticəsində bank sisteminin resurs bazası genişlənir, faiz dərəcələri azalır, iqtisadiyyatın kapitalizasiya imkanları çoxalır və nəticədə iqtisadi artım sürətlənir. Nağdsızlaşma makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır.

A.Quliyevin sözlərinə görə, Elektron Milli Ödəniş Sistemi İnfrastrukturu vasitəsilə 2013-cü il ərzində aparılmış ödənişlərin həcmi 128 mlrd. manat təşkil edib ki, bu da ÜDM-ə nisbətdə 2,3 dəfə çoxdur: “Son zamanlar dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi üzrə bir sıra tapşırıqlar verilib. Verilmiş tapşırıqların qısa müddət ərzində səmərəli icra edilməsi aidiyyəti dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırır. Qarşıya qoyulmuş məqsədlərə nail olunması və vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının təmin edilməsi üçün AMB tərəfindən Hökumət Ödəniş Portalı (HÖP) yaradılıb və artıq Milli Ödəniş Sistemi infrastrukturunun sosial əhəmiyyətli əsas komponentlərindən birinə çevrilib”.

AMB rəsmisi deyib ki, hazırda 5 kommunal xidməti təşkilatı və 7 hökumət qurumunun daxili informasiya sistemi HÖP-ə inteqrasiya olunub. HÖP üzrə sənəd sayı isə 4,3% artaraq 24 mln. ədəd, ödənişlərin həcmi 48,2% artaraq 713 mln. manat təşkil edib: “Hazırda ölkənin bütün regionlarında 42 bankın və “Azərpoçt” MMC-nin birlikdə 1 500-dən artıq ödəniş məntəqəsində həmin təşkilatlar üzrə ödənişlər nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada qəbul edilir. Cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin, elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin inkişafı üçün geniş təbliğat və təşviqat kampaniyası bankların daim diqqət mərkəzində olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR