Həsən Ruhani: “İran hökumətinin başlıca prinsipi qonşularla anlaşma, dostluq və əməkdaşlıqdır”

Həsən Ruhani: “İran hökumətinin başlıca prinsipi qonşularla anlaşma, dostluq və əməkdaşlıqdır”
# 26 fevral 2014 13:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran hökumətinin başlıca prinsipi qonşularla anlaşma, dostluq və əməkdaşlıqdır”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran cənub qonşuları ilə da daha yaxşı anlaşma və əməkdaşlıq yolu ilə regionun təhlükəsizliyi və iqtisadi baxımdan çiçəklənməsi ardıncadır: “Bunu Fars körfəzi və Oman dənizinin ətrafında yerləşən cənub qonşularımız yaxşı bilməlidirlər”.

H.Ruhani həmçinin deyib ki, İran heç vaxt nüvə silahına yiyələnmək niyyətində olmayıb: “İranın ali dini lideri də nüvə silahının haram olduğunu açıq şəkildə bəyan edib. Nüvə enerjisindən faydalanmaq İranın tam haqqıdır. Biz bu gün belə bir hüququmuzun reallaşdırılması yolunda dünyanın bizi narahat etməməsini istəyirik. Bu istiqamətdə ilk addımı da atdıq. Cenevrə razılaşmasında “Fordo” və “Nətənz” kimi nüvə obyektlərində uranın zənginləşdirilməsinə haqqımız olduğu qeyd edilib. Bu gün müzakirə mövzusu uranın zənginləşdirilməsinin səviyyəsinin nə qədər olmasıdır”.

Qeyd edək ki, H.Ruhani fevralın 25-də ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinə səfər edib. Bu, İran prezidentinin ölkə daxilinə ikinci səfəridir. Bundan əvvəl H.Ruhani ilk səfərini Xuzistan vilayətinə həyata keçirib. İran prezidentinin üçgünlük səfər proqramına din xadimləri, şəhid ailələri və müharibə əlilləri ilə görüşmək, bir sıra layihələrə baxış keçirmək daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR