Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqro prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqro prezidenti ilə görüşüb
# 06 mart 2014 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqroya səfəri çərçivəsində bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Ş.Mustafayev Monteneqronun prezidenti Filip Vuyanoviç tərəfindən qəbul edilib.

Həmçinin, Azərbaycan nümayəndə heyəti Monteneqronun baş naziri Milo Cukanoviç, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç, iqtisadiyyat naziri Vladimir Kavariç, maliyyə naziri Radoye Juqiçlə də görüşüb. Görüşlərdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Səfər zamanı Ş.Mustafayev Kumbor şəhərində Monteneqronun baş naziri M.Cukanoviç ilə birlikdə «Portonovi» turizm layihəsinin icrasına başlanması mərasimində iştirak edib.

Azərbaycan nümayəndə heyəti həmçinin, Kral Parkında görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstünü ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR