“Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib

“Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib
# 05 mart 2014 12:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, Ə. Hüseynzadənin irsinin araşdırılması Azərbaycan xalqının milli kimliyinin ortaya çıxmasına xidmət edir. S. Rüstəmxanlı qeyd edib ki, Əli bəy Hüseynzadə türklük ideyasını dirildən və onu siyasi hadisəyə çevirən şəxsdir: “Əli bəy Hüseynzadə əslində bayrağımızda olan türküçülük, islamçılıq və müasirlik ideyasını ortaya qoyan adamlardan biridir. O, təkamül yolunun tərəfdarı, müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli özünüdərki olduqca vacib hesab edirdi. Onun rəhbərlik etdiyi “Füyuzat” jurnalında türk dünyasının böyüklüyü, bölünməzliyi təbliğ edilirdi. Bu baxımdan Əli bəy Hüseynzadənin böyük mütəfəkkir kimi türk dünyasının inkişafı baxımından xidmətləri əvəzedilməzdir”.

Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlu Əli bəy Hüseynzadəni əsasən türkçülüyün və idealist sosializmin banisi kimi xarakterizə edib. Onun sözlərinə görə, Ə. Hüseynzadə avropalaşma, türkləşmə və islamlaşmaq sintezinin əsasını qoyub.

ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər də çıxışlarında Əli bəy Hüseynzadəni böyük şəxsiyyət kimi xarakterizə edərək, onun irsinin təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR