Daxili Qoşunların yaranmasından 22 il ötür

Daxili Qoşunların yaranmasından 22 il ötür
# 12 mart 2014 13:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 22 il ötür. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-mayor Şahin Məmmədov qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib, ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu xatırladıb.

Qeyd olunub ki, ötən illər ərzində Daxili Qoşunlar ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 əməkdaş Milli Qəhrəman adına layiq görülüb.

Daha sonra Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Daxili Qoşunların şəxsi heyətini peşə bayramları münasibəti ilə təbrik edib və bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı olaraq inkişaf prosesi gedir.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Ramil Usubov vurğulayıb ki, dövlət başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilib.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin, inkişafın əsasında dayanan əsas amillərdən birinin daxili sabitlik və təhlükəsizlik faktorunun olduğunu xatırladan R. Usubov Daxili Qoşunların torpaqlarımızın qorunmasında fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini və sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olan bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.

Çıxışının sonunda daxili işlər naziri Prezident İlham Əliyevi əmin edib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Ali Baş Komandana sədaqətlə xidmətini davam etdirəcək.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR