Qəbul imtahanlarına cəlb olunacaq nəzarətçi müəllimlər üçün seminar-məşğələlər başa çatıb

Qəbul imtahanlarına cəlb olunacaq nəzarətçi müəllimlər üçün seminar-məşğələlər başa çatıb
# 25 fevral 2014 14:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər bu gün başa çatıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən yanvarın 25-dən etibarən keçirilmiş seminarlar respublikanın bütün şəhər və rayonlarını əhatə edib, bu prosesə 2100 təhsil müəssisəsindən 15000-ə qədər nəzarətçi-müəllim cəlb edilib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib. Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib. İştirakçılar TQDK tərəfindən aprel ayından keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etməsinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR