Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi davam edir

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi davam edir
# 19 fevral 2014 11:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı 4, 25 oktyabr və 5, 20 noyabr 2013-cü il tarixlərdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi davam edir.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydə alınan 6406 nəfərdən 1374 nəfəri test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçib. Onlardan 1258 nəfəri müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim edib.

Qeyd edək ki, müsahibə mərhələsi ötən il dekabrın 23-də başlanmışdı. İndiyə kimi müsahibədə iştirak edən 491 namizəddən 158 nəfəri bu mərhələdən də uğurla keçib. 37 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etməyib, 296 nəfər isə vəzifəyə uyğun hesab edilməyib. Müsabiqənin müsahibə mərhələsi 21 dövlət orqanı üzrə başa çatıb. Bu dövlət orqanları üzrə müsahibədən uğurla keçən 62 namizəd Komissiya tərəfindən müvafiq dövlət orqanlarına təqdim ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR