Azərbaycanlı politoloq: “Ukrayna hadisələrinə xarici qüvvələrin qarşıdurması səbəb olub”

Azərbaycanlı politoloq: “Ukrayna hadisələrinə xarici qüvvələrin qarşıdurması səbəb olub”
# 27 fevral 2014 11:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqların diskussiya klubunun 30-cu iclası keçirilib. APA-nın məlumatına görə, tədbirdə Ukraynada baş verən hadisələr müzakirə edilib.

Politoloq Fikrət Sadıqov Ukrayna hadisələrinin birmənalı olaraq xarici qüvvələrin qarşıdurması nəticəsində yarandığını bildirib: “Burada birbaşa Avropa Birliyi, ABŞ və Rusiyanın maraqları var və prosesin bu cür davamında onların rolu böyükdür. Bunun nəticəsidir ki, Maydanda başlayan proseslər hələ də davam edir. Bunu da nəzərə almaq lazımdır ki, Ukraynada müxtəlif düşüncəli, müxtəlif dini cərəyanlara xidmət edən insanlar var. Əgər qərb regionunda katoliklər çoxdursa, şərq regionunda daha çox pravoslavlar üstünlük təşkil edir. Ukraynada baş verən hadisələrin səbəblərindən biri də təbii ki, hakimiyyətin zəifliyidir. Ona görə də həm daxili, həm də xarici səbəblər Ukraynada gərgin vəziyyətə gətirib çıxarıb”.

Politoloq qeyd edib ki, Ukrayna hadisələrinin ilkin mərhələsi artıq sona çatıb: “Yəni artıq Kiyevdə hökumət formalaşıb. Lakin bu da bir həqiqətdir ki, Ukraynanın cənub-şərq hissəsində rusdilli əhali fəallaşıb, Rusiyadan dəstək istəyir və rəsmi Kiyevi tanımır. Rusiya da rusdilli xalqların müdafiəsi şüarı altında nəinki siyasi, eyni zamanda hərbi dəstək də göstərə bilər”.

F.Sadıqov Rusiyanın hazırda Şərqi Ukraynaya daha çox müdaxilə etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynada siyasi, iqtisadi və hərbi maraqları mövcuddur.

Ukrayna hakimiyyətində kimin təmsil olunmasından asılı olmayaraq, Azərbaycanla əlaqələrin inkişaf edəcəyinə əminliyini vurğulayan politoloq qeyd edib ki, buna səbəb iki ölkə arasında maraqların uzlaşmasıdır: “Azərbaycanın Ukraynada daha çox hərbi maraqları var. Çünki biz bu ölkədən silah alırıq. Ukrayna isə Azərbaycanın təbii ehtiyatlarına ehtiyac duyur. Ona görə də əminəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ikitərəfli əlaqələr bundan sonra da inkişaf edəcək”.

Politoloq İlqar Vəlizadə isə Rusiyanın Ukraynadakı hadisələrə təsirini şərh edərək, hazırda bu ölkənin Ukraynaya hərbi müdaxiləsinin daha real olduğunu qeyd edib: “Çünki Rusiyanın bəzi dairələri açıq-aşkar bildirirlər ki, Ukraynada proseslər onların istədiyi kimi getməsə, müdaxilə edə bilərlər. Artıq bəllidir ki, Krımda Rusiya bayrağı dalğalanır. Burada Ukraynanın xarici siyasətinin aydın olmaması əsas səbəbdir. Çünki Şərqi Ukrayna Rusiyaya meylli, Qərbi Ukrayna isə Avropaya meyllidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR