Azərbaycan ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrin növbəti raundu keçirilib
# 15 fevral 2014 17:23 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Polşa arasında dövlətlərarası məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavada səfərdə olublar. APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri ilə, o cümlədən baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Piexoçinski, xarici işlər naziri Radoslav Sikorski, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini Katajına Pelçinska-Nalenç, iqtisadiyyat nazirinin müavini Andjey Dıxa, Polşa İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər keçiriblər.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, qarşılıqlı rəsmi səfərlər, regionda cərəyan edən proseslər müzakirə edilib. Həmçinin Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıq məsələləri də tərəflər arasında geniş müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin və Polşa İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Polşanın müxtəlif istehsal sahələrini təmsil edən qırxdan artıq şirkət nümayəndəsinin iştirakı ilə dəyirmi masa keçirilib. Nazir müavini N.Səfərov Azərbaycan Respublikasının biznes mühiti, ölkəmizin iqtisadi inkişaf proqramları, bu sahədə çalışan şirkətlərə dövlət qayğısından söz açıb. Dəyirmi masa zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan haqqında təqdimat keçirilib. Dəyirmi masa iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, yerli şirkətləri maraqlandıran suallar cavablandırılıb.

Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR