Rəşad Sadıqov: “Yerli futbolçuların qiymətləri fantastik dərəcədə artıb”

Rəşad Sadıqov: “Yerli futbolçuların qiymətləri fantastik dərəcədə artıb”
# 06 iyun 2012 14:28 (UTC +04:00)
Bakı – APA. “Qarabağ”da qalacağam, müqaviləm var. Sözün düzü, yenidən xaricdə oynamaq haqda düşünmürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Ağdam təmsilçisinin şərəfini qoruduğu müddətdə Türkiyə Superliqa təmsilçisinə keçən 30 yaşlı müdafiəçi bu dəfə belə fikirdə deyil.

Rəşad bir sıra futbolçularla yollarını ayıraraq, heyətini gücləndirəcək komandası ilə növbəti mövsümdə böyük uğur qazanmağa köklənib: “İnşallah, “Qarabağ”la çempion olmaq istəyirəm. Bildiyimə görə, heyəti gücləndirmək yönündə yaxşı futbolçular nəzərdən keçirilir. Yerli futbolçulara yox, daha çox legionerlərə baxılır. Qismət, görək necə alınır”.

“Qarabağ” heyətində daha çox yerli futbolçuların olmağı, legionerlərin azlığı ilə tanınıb. Ancaq Sadıqovun qənaətinə görə, artıq kursu dəyişmək qaçılmazdır.

Nəticə qazanmaq üçün legionerlərin sayının artırılmağının vacib olduğunu düşünən Sadıqov azərbaycanlı futbolçularla bağlı maraqlı açıqlama verib: “Qarabağ”da legionerlərin çox olmağına ehtiyac var. Başqa cür alınmır. Baxırsan ki, çempionatda oynayan yerli futbolçuların qiymətləri fantastik dərəcədə artıb. Gənclərin qiymətləri çox yüksəkdi. Heç kim gəncləri buraxmaq istəmir. Nə özləri oynadır, nə də başqa klublara buraxırlar. Bizim klub hansı komandada oynamayan, “18-liy”ə düşən, düşməyən futbolçularla bağlı təklif göndərir, heç kimi vermirlər, nə də özləri oynadırlar. Xüsusilə, perspektivli futbolçularımızın ölkə daxilində qiymətlərinin belə artmağı ancaq ziyanlarınadır”.

Qeyd edək ki, Rəşad 2009-cu ilin yayından oynadığı “Qarabağ”ın heyətində ilk 2 mövsümdə çempionatımızın bürünc medalını qazanıb.

Mehman SÜLEYMANOV
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR