Lənkəran və Masallıda leysan yağışı problemlərə səbəb olub - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Lənkəran və Masallıda leysan yağışı problemlərə səbəb olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 11:51 (UTC +04:00)

Lənkəran - Masallı. Ağəddin Babayev – APA. Gecə saatlarından başlayan leysan yağışları Lənkəran və Masallı rayonlarında problemlərə səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb. Leysan yağışları nəticəsində Lənkərançayda və ərazilərdə mövcud olan çaylarda, kanallarda və suaxar arxlarda güclü selin əmələ gələsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndlərində sahilyanı evlər su altında qalıb, həmin ərazidə 18 evin sakinləri köçürülüb.

Bürcəli çayının daşması nəticəsində çay sahili boyu 15 evi və həyətləri su basıb. Şürük kəndi ərazisində məhəllədaxili kiçik çayların daşması nəticəsində 20 ev su altında qalıb.

İstisu qəsəbəsində çayın daşması nəticəsində çay sahili evlər su altında qaldığından 100 ailə təhlükəsiz yerə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində digər dəmir-beton konstruksiyalı körpü uçub.

Girdəni kəndi ərazisində Girdəniçayı daşaraq, sahildəki evləri ağuşuna alıb. Hazırda həmin ərazidən 200 evin sakinlərinin köçürülməsinə başlanılıb. Selin səviyyəsi artmaqda davam edir.

Vilvan kəndi ərazisində Vilvançay daşaraq, 50-yə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil körpünün bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqə kəsilib.

Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından nəqliyyat əlaqəsi kəsilib.

Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb, üç piyada körpüsünü sel aparıb.

Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə umaq təhlükəsi yaranıb.

Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.

Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də ciddi ziyan vurub. Yerli icra strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

*** *** ***

10:19

Lənkəran. Ağəddin Babayev – APA. Gecə saatlarından başlayan leysan yağışları yenidən Lənkəranda problemlərə səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb. Rayonun ayrı-ayrı yaşayış məntəqələrindən keçən kanalların yararsız vəziyyətdə olması, vətəndaşlar tərəfindən suötürücü qurğuların zibil və məişət tullantıları ilə doldurulması, su borularının oğurlanaraq, aparılması hər dəfə eyni vəziyyətin yaranmasına gətirib çıxarır.


Hazırda güclü yağış yağmaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR