Avropada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Avropada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
# 31 mart 2016 11:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-hökümət təşkilatlarına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, alman və ingilis dilində yayımlanan müraciətdə 98 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib. “Heydər Əliyevin imzaladığı fərmanla 1998-ci ildən 31 mart - Azərbaycanda Soyqırım günü kimi qeyd olunur. Soyqırımından 98 il keçməsinə baxmayaraq, erməni millətçilərinin törətdikləri bu aktlara hələ də hüquqi qiymət verilməyib. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub”.

Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət vermək tələb edilib və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistana sanksiyalar tətbiq etməyə, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR