“Kapital Bank” narazı müştəriyə cavab verib

“Kapital Bank” narazı müştəriyə cavab verib
# 04 mart 2015 13:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” Balakən filialının müştərisi olmuş Ziyavəddin Mehdiyevin dünən bəzi KİV-lərdə yayılan tənqidi fikirlərinə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Z. Mehdiyev 2014-cü il oktyabrın 17-də bankın korporativ saytına şikayət göndərib. Şikayətin araşdırılması məqsədilə oktyabrın 22-də o, bankın baş ofisinə dəvət edilib və səlahiyyətli şəxslər onunla görüş keçiriblər. Görüşdə Z. Mehdiyev Balakən filialına əmanət yerləşdirdiyini, daha sonra həmin vəsaiti hesabından çıxararaq şəxsi münasibətlər zəminində bankın Balakən filialının müdiri Ruqiyyə Məmmədova və Şəhmir Qurbanova müəyyən müddətə verdiyini bildirib. Daha sonra şikayətçi həmin vəsaiti geri ala bilmədiyini və bununla əlaqədar bankın adıçəkilən əməkdaşlarını məhkəməyə verəcəyini qeyd edib.

Bankın Komplayens Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Z. Mehdiyev öz əmanət hesabından vəsaitlərini tamamilə qanuni əsasda, müddətdən əvvəl çıxarıb və müştəri bankla olan müqaviləyə xitam verdiyi üçün onunla “Kapital Bank” arasında hər hansı hüquqi öhdəlik qalmayıb. Z. Mehdiyevin öz vəsaitini sonradan şəxsi münasibətlər zəminində istənilən şəxsə, o cümlədən, bankın əməkdaşlarına verməsinə görə isə “Kapital Bank” heç bir məsuliyyət daşımır.

Açıqlamada o da qeyd olunur ki, 2014-cü ilin sentyabr-oktyabr aylarında bankın Balakən rayon filialında aparılmış daxil audit nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlara görə filialın bir sıra əməkdaşları ilə yanaşı, filial müdiri Ruqiyyə Məmmədova və baş kassir Şəhmir Qurbanov Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduqları vəzifədən azad ediliblər. Bankın baş ofisində qəbul edilərkən, özünün də söylədiyi kimi, Z. Mehdiyevə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunub. “Kapital Bank” da hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırmalarına kömək üçün lazımi rəsmi sənədləri təqdim edə bilər.

“Kapital Bank”ın istənilən müştərisi bu və ya digər şikayətlə əlaqədar daxili araşdırmanın nəticələrindən razı qalmadıqda hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. Biz Bankın bütün müştərilərinin maraqlarının qorunmasını, xidmət səviyyəsinin davamlı yüksəldilməsini əsas vəzifəmiz sayırıq. Bankın fəaliyyəti ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalarda ədaləti bərqərar etmək üçün hər zaman yaxından iştirak etməyə hazırıq. Kapital Bankın fəaliyyəti ilə əlaqədar müştəri şikayətlərinin Bankın imicinə xələl gətirəcəyini düşünmürük. Əksinə, müştərilərlə sıx təmas fəaliyyətimizdəki çatışmazlıqları aradan qaldırmaqda və işimizin keyfiyyətini davamlı artırmaqda bizə kömək göstərir”, - deyə açıqlamada vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR