İstanbulda Məhəmməd Hüseyn Şəhriyarın xatirə günü keçiriləcək

İstanbulda Məhəmməd Hüseyn Şəhriyarın xatirə günü keçiriləcək
# 03 aprel 2015 14:04 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Aprelin 18-də İstanbulun Topkapı səmtindəki Türk dünyası mədəniyyət evində Azərbaycanın məşhur şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirə günü keçiriləcək.

Bu barədə APA-ya İstanbul bələdiyyəsinin Baş mədəniyyət idarəsindən məlumat verilib.

Məlumata görə, keçən ilin aprelində ilk dəfə Şəhriyarın xatirə günü keçirilib və azərbaycanlı alim Esmira Fuad Şükürovanın türkcə çapdan çıxmış “Şəhriyar” kitabının təqdimatı olub. Tədbirin uğurlu keçməsindən sonra qərara alınıb ki, hər ilin aprelində Şəhriyarın xatirə günü keçirilsin.

Qeyd edək ki, Türkiyə Məhəmməd Hüseyn Şəhriyarı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1955-ci ildə Ankarada çıxan “Azərbaycan” jurnalında çap edilmiş “Ədəbi bir hadisə” adlı iri həcmli məqaləsiylə tanıyıb. 1960-cı illərdə Azərbaycanda və Türkiyədə Şəhriyar barəsində tədqiqatların sayı artıb və əhatə dairəsi genişlənib. Professor Məhərrəm Erginin “Azəri türkcəsi” kitabı Şəhriyarın “Heydərbabaya salam” poemasının leksik-qrammatik xüsusiyyətlərinin təhlilinə həsr edilib. Doktor Yusif Gədikli isə ilk dəfə 1990-cı ildə “Şəhriyar: Türkcə bütün şeirləri” adlı kitabını çap etdirib. AMEA-nın əməkdaşı Esmira Şükürova Türkiyədə Şəhriyar barədə monoqrafiyası çıxmış ilk azərbaycanlı alimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR