Mərkəzi Bankın tapşırığına baxmayaraq Azərbaycan banklarından biri “Zolotaya Korona” sistemi vasitəsilə xaricə pul köçürür

Mərkəzi Bankın tapşırığına baxmayaraq Azərbaycan banklarından biri “Zolotaya Korona” sistemi vasitəsilə xaricə pul köçürür
# 03 mart 2015 11:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Zolotaya Korona” beynəlxalq pul köçürməsi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırığına baxmayaraq hələ də ölkədə bu sistem vasitəsilə xaricə pul köçürülür.

APA-Economics”in məlumatına görə, AMB-nin xəbərdarlığına baxmayaraq “Gəncəbank” “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemindən imtina etməyib.

Bankın məlumat mərkəzi bu sistem vasitəsilə xaricə pul köçürülməsi faktını təsdiqləyib.

Bankın saytında da qeyd olunur ki, bu sistem vasitəsilə MDB ölkələrinə və Çinə 1.5% komisyon haqqı ödəyərək pul köçürmək olar. Məlumata görə, göndərilən vəsait 5-10 dəqiqə ərzində öz ünvanına çatır.

APA-Economics”in araşdırmaları zamanı məlum olub ki, ölkədəki 14 bankın saytında “Zolotaya Korona” beynəlxalq pul köçürmə sisteminin adı qeyd olunsa da, banklar bu sistem vasitəsilə xaricə pul göndərilmədiyini bəyan edib.

Yeri gəlmişkən, bu ilin fevralın 11-də Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə fəaliyyət göstərən bütün banklara “Zolotaya Korona”, “İntelexpress” və “Sigue Money Transfer” sistemləri vasitəsilə pul köçürmələrinin dayandırılması tapşırılıb.

Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun imzası ilə daxil olan məktubda qeyd olunur ki, AMB tərfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin növbəti monitorinqi zamanı Azərbaycanın işğal altında olan ərazilərində “Zolotaya Korona”, “İntelexpress” və “Sigue Money Transfer” sistemləri vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən olunub.

“Mərkəzi bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib. Bu barədə bütün banklara 20.06.2008-ci il tarixli, 06/05-1165 nömrəli məktubla məlumat verilib, belə pul köçürmə sistemlərinə banklar tərəfindən də müvafiq xəbərdarlığın edilməsi tapşırılıb. “Zolotaya Korona”, “İntelexpress” və “Sigue Money Transfer” sistemləri tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətinin davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank 2015-ci ilin 18 fevral tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlərlə işgüzar münasibətlərin dayandırılmasını tapşırır”, - deyə məktubda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR