Misli Premyer Liqasında XII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, dünən baş tutan oyunlardan ilkində Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Son matçda isə paytaxt derbisi baş tutub. "Zirə" "Sabah"ın qonağı olub.
Qəbələdəki qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini cəzalandırıblar.
Günün ikinci matçında isə artırma dəqiqələrdə Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol "Zirə"yə 1:0 hesablı qələbə qazandırıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə çatdırıb. “Qəbələ” 8 xalda qalıb.
Xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri liderliyi qoruyublar. "Sabah" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.