Okan Buruk “Yong Boys”la cavab oyununa Azərbaycandan baş hakim təyin edilməsinin ədalətli olacağını bildirib

Okan Buruk

© APA | Okan Buruk

# 22 avqust 2024 08:49 (UTC +04:00)

UEFA Çempionlar Liqasının “play-off” mərhələsinin ilk oyununda İsveçrənin “Yong Boys” komandası ilə qarşılaşmadan sonra Türkiyənin “Galatasaray” komandasının baş məşqçisi Okan Buruk açıqlamalar verib.

APA xəbər verir ki, baş məşqçinin oyunun Almaniyadan olan baş hakimi barədə dedikləri daha çox diqqət çəkib.

Okan Buruk bildirib ki, cəzalı olduğundan oyunu tribunadan izləməli olub.

“Tribunadan izləyəndə hakimin oyunu idarə etməsindən narahat oldum. Ancaq oyunu dayandırdı, lazımsız kartlar göstərdi, 1 kartı yazması, 1 dəqiqə çəkdi. Bu səviyyədə daha çox şey gözləyirik, xəyal edirik. İsveçrənin alman kantonundayıq, oyuna alman hakim, əvvəl Dünya Çempionatında oyunçularımızdan biri ilə problem yaşamış hakim gəlib. Təyinatlarda pis niyyət axtarmıram. Amma Türkiyə komandalarının oyununa Azərbaycan hakimi təyin olunarmı? Alman hakim bura avtomobillə gəlib, qardaş ölkənin komandasının oyununa təyin edilib. İnşallah, cavab qarşılaşmasına da Azərbaycan hakimi təyin olunar, bərabərləşmiş olarıq”, - deyə “Galatasaray”ın baş məşqçisi vurğulayıb.

Qeyd edək ki, “Yong Boys” “Galatasaray” qarşılaşmasını Almaniyadan olan hakim Daniel Siebert idarə edib.

İlk oyunda "Galatasaray" “Yong Boys”a 3:2 məğlub olub.

Cavab qarşılaşması avqustun 27-də İstanbulda olacaq.

Onu da əlavə edəkl ki, Daniel Siebert 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında Qana-Uruqvay oyununun baş hakimi olarkən verdiyi qərarlara Uruqvay millisinin qapıçısı, hazırda isə “Galatasaray”ın kapitanı olan Fernando Muslera kəskin etirazlar bildirmişdi. Qana-Uruqvay qarşılaşması 2:0 Uruqvayın qələbəsi ilə bitsə də, oyundan sonra hakimlə uruqvaylı oyunçular arasında baş vermiş gərginliyə görə FİFA Musleraya 4 matç cəza vermiş və pul cəriməsi kəsmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR