Azərbaycanda auditor rəyinin məcburi element kimi rəsmi illik mühasibat hesabatına daxil edilməsi təklif olunur

Azərbaycanda auditor rəyinin məcburi element kimi rəsmi illik mühasibat hesabatına daxil edilməsi təklif olunur
# 10 iyun 2015 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Auditor rəyi məcburi element kimi, rəsmi illik mühasibat hesabatına daxil edilməlidir. Onun olmaması mühasibat hesabatının rədd edilməsi (qəbul edilməməsi) üçün əsasdır, vergi orqanları isə onu düzgün hesab edə bilməzlər.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

"Mən təəssüflənirəm ki, Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş deyil. Təcrübə göstərir ki, auditdən yayınmanın əsas səbəbi auditin predmeti olan mühasibat uçotu və hesabatlılıq sahəsində, xüsusilə maliyyə hesabatlarının təqdim edilməsi prosesində boşluqların olmasıdır. Statistik məlumatlara əsasən, ölkəmizdə auditdən keçmənin ən yüksək faizi banklar və sığorta cəmiyyətləri üzrədir. Daha sonra bu sıraya bələdiyyələr, səhmdar cəmiyyətləri və xarici investisiyalı müəssisələr (xarici təşkilatların filial və nümayəndəlikləri) daxildir”.

O bildirib ki, bank və sığorta təşkilatlarının auditdən, demək olar ki, 100% keçməsinin bir izahı var: bu təşkilatlar fəaliyyət növlərinə görə beynəlxalq əməliyyat sistemlərinə daha çox inteqrasiya olunublar və öz maliyyə hesabatlarını məcburi qaydada tənzimləyici orqanlara - Mərkəzi Banka və Maliyyə Nazirliyinə verməyə borcludurlar: “Bu tənzimləyicilər, öz növbələrində, qanunun aliliyini təmin etmək, habelə xarici tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirmək üçün tabeliklərində olan təşkilatların maliyyə hesabatlarını auditorun hesabatı (rəyi) olmadan qəbul etmirlər. Eyni hala qismən də olsa, digər qurumlarda da rast gəlinir: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrdən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlərdən, Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyətçisi tam və ya qismən dövlət olan səhmdar cəmiyyətlərindən auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatlarını tələb edirlər. Bu sırada növbəti qurumlar isə xarici investisiyalı müəssisələrdir (xarici təşkilatların filial və nümayəndəlikləridir). Onların auditdən keçmə faizi nisbətən aşağı (20-30%) olsa da, məcburi audit subyekti olan məhdud məsuliyətli müəssisələrdən (2-6%) əhəmiyyətli dərəcədə yüksəkdir. Səbəbi isə bir tərəfdən, xarici sahibkarların audit barədə daha dolğun təsəvvürə malik olmaları, digər tərəfdən isə xarici ölkələrin rezidenti olan baş ofisə təqdim olunan maliyyə hesabatlarının məcburi qaydada auditor tərəfindən təsdiqlənməsi tələbidir. Bu faktları Auditorlar Palatası tərəfindən aparılmış sorğuların materialları da təsdiq edir”.

V. Novruzov deyib ki, ölkəmizdə xüsusi çəkisinə görə məcburi audit subyektlərinin arasında birinci yerdə duran qurumlar MMC-lərdir: “Son məlumatlara əsasən, onların sayı 42 mindən çoxdur ki, bu da ümumi məcburi audit subyektlərinin təxminən 90%-ni təşkil edir. Onların auditdən keçmə faizi ildən-ilə azalmaqla, son ildə 3,1% təşkil edib. Zənnimizcə, belə vəziyyətin əsas səbəbi məhdud məsuliyyətli cəmiyyətlərin öz maliyyə hesabatlarını yalnız təsisçi üçün tərtib etmələri, yəni, dövlət orqanına təqdim etmək barədə heç bir öhdəliklərinin olmamasıdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə imkan verir ki, auditin predmeti olan mühasibat uçotu və hesabatlılığı sahəsində, xüsusilə maliyyə hesabatlarının təqdim edilməsi sistemində boşluqların aradan qaldırılması auditdən yayınmanın qarşısının alınmasının ən kəsərli yoludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR