Xələf Xələfov İndoneziya XİN-in Cənubi və Mərkəzi Asiya üzrə direktorunu qəbul edib

Xələf Xələfov İndoneziya XİN-in Cənubi və Mərkəzi Asiya üzrə direktorunu qəbul edib
# 09 iyun 2015 06:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya üzrə direktoru xanım Listyovatini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, X. Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənənə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu deyib. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X. Xələfov iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu diqqətə çatdırıb.

Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran X. Xələfov, münaqişənin həllinin Ermənistanla yanaşı, bir çox kənar faktorlardan da asılı olduğunu bildirib. O, münaqişənin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən sonra öz həllini tapa biləcəyini vurğulayaraq, beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini, bu təşkilatların işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana təzyiq göstərmələrini vacib sayıb.

Azərbaycanlı nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, ümumən strateji məsələlərlə bağlı mövqelərin yaxın olduğunu deyib.

Xanım Listyovati iki dövlət arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək, əlaqələrin dərinləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmli rol oynadığını qeyd edib. Prezident İlham Əliyevin İndoneziyaya səfərinin həyata keçməsini arzuladıqlarını söyləyən Listyovati, iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və diversifikasiyasına töhfə verəcəyini söyləyib.

İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi ifadə etdiklərini, bu ədalətli yanaşmaya hər zaman sadiq qalacaqlarını vurğulayan xanım Listyovati, Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR