Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq

Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq
# 16 noyabr 2016 09:33 (UTC +04:00)

Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib.

Təklif olunan əlavələrə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə etmək mümkün olacaq.

Müzakirələr zamanı deputatlar Çingiz Qənizadə və Rafael Cəbrayılov buna etiraz ediblər. Onlar bildiriblər ki, əməliyyat-axtarış zamanı hal şahidi faktının yığışdırılması obyektivliyə kölgə sala bilər: “Çünki bütün hallarda hal şahidi insan faktorudur və videoçəkiliş insanı əvəz edə bilməz”.

Komitə sədri Əli Hüseynli isə deyib ki, burada hal şahidinin iştirak etməsinə qadağadan yox, sadəcə, əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Yəni zərurət olduğu təqdirdə, hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək, amma bu məslə ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR