Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - FOTO

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - <span style="color: red;">FOTO
# 17 iyul 2014 20:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanıb. Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini, ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırıblar.

Dövlət başçısı mərasimdə çıxış edib. Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirib.

Dövlət başçısı ölkəmizin daim milli və dini dəyərlərə sadiqlik nümayiş etdirdiyini deyib. Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini vurğulayan prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib.

Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. Bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev hərtərəfli güclənən Azərbaycanın işğal altında olan torpaqlarını da azad edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoqun inkişafına dəyərli töhfələr verdiyini, Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Sonra iftar süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR