Türkiyə mediası: İran mətbuatında Türkiyə haqda əsassız xəbərlər son həddə çatıb

Türkiyə mediası: İran mətbuatında Türkiyə haqda əsassız xəbərlər son həddə çatıb
# 07 avqust 2015 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "Son vaxtlar İran mediasında Türkiyə əleyhinə yazıların sayı xeyli artıb".

APA-nın xəbərinə görə, bu fikir “Anadolu” agentliyində yayımlanmış təhlildə yer alıb. Məqalə müəllifləri yazır ki, son vaxtlar İranın dövlət və qeyri-dövlət mediasında Türkiyə, xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əleyhinə sıx şəkildə kampaniya aparılır: “İranda hökumətə məxsus, habelə hökumətin dəstəklədiyi mətbuat orqanlarında uzun müddətdir ki, Türkiyənin Yaxın Şərqdə terrorçulara, ən əsası İŞİD-ə dəstək verməsi, hətta terror təşkilatına gizli şəkildə hərbi kömək göstərməsi ilə bağlı xəbərlər tirajlanır. İran prezidenti Həsən Ruhaniyə yaxınlığı ilə seçilən İRNA agentliyi yayımladığı xəbərlərdə Türkiyəyə qarşı böhtanlara geniş yer verir. Ancaq yayımladıqları xəbərlərin əsassız olması barədə qarşı tərəfin rəsmi mövqeyini işıqlandırmaqdan boyun qaçırır. İyulun 27-də İRNA-da gedən təhlildə Türkiyənin Suriya iqtidarına qarşı İŞİD-ə kömək etdiyi yer alıb”.

Məqalədə İranın Ali dini lideri ayətullah Əli Xamneyiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzetində də Türkiyə əleyhinə qaralama kampaniyası aparıldığı bildirilir: “Qəzetin 25 iyul tarixli sayında “Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar: İŞİD-in vahid komandanlığı” başlığı altında manşet yazı çap olunub. “Keyhan” qəzetinin 25 iyul sayında isə Türkiyənin Suriyada Bəşər Əsədi devirmə üçün İŞİD-lə ittifaq qurması barədə məqalə yer alıb”.

Qeyd olunub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindəki Fars Xəbər Agentliyində də Türkiyə əleyhinə böhtan xarakterli materiallar geniş şəkildə yayımlanır: “25 iyulda agentlikdə Kobaniyə hücum edən İŞİD terrorçularının regiona Türkiyə ərazisindən keçməsi ilə bağlı əsası olmayan xəbər verilib. Fars Xəbər Agentliyi əvvəllər də “Səudiyyə Ərəbistanı və BƏƏ-dən erməni soyqırımına dəstək”, “Türkiyə, Səudiyyə Ərəbistanı və qətərli zabitlər Homstan çıxdılar”, “Ankara ABŞ-in məsləhəti ilə İŞİD-lə əlaqələrini kəsir” başlıqlı məqalələrdə Türkiyəyə böhtanlar yağdırıb”.

Məqalədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus Tasnim və Mehr Xəbər Agentliklərində, “Dünya-yi İqtisad” qəzetində, Press TV-də də Türkiyə əleyhinə materiallara geniş verildiyi qeyd olunub: “Baş verənlərlə bağlı Türkiyənin narahatlığı İran rəsmilərinə çatdırılsa da, qarayaxma kampaniyası ara vermədən davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR