Bank Of Baku

Masallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib

Masallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib
# 17 iyul 2008 08:55 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallının Güllütəpə kəndində baş vermiş torpaq sürüşməsi yenidən aktivləşib. Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyanın sədri Nadir Abıyev məlumat verib. Onun sözlərinə görə, ərazidə çökmə ilə müşahidə olunan sürüşmə zonası artıq 3 hektar ərazini əhatə edir. Havaların quraqlıq və isti keçməsi isə sürüşmə zonasının əhatə dairəsinin daha da genişlənməsinə səbəb ola bilər. N. Abıyev bildirib ki, torpağın çökməsi nəticəsində üst qatdakı çatlar dərinləşib. Bu da yağışlı payız aylarında vəziyyətin təhlükəli həddə çatacağından xəbər verir. Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri fəlakət zonasına baş çəkib, burada üç gün müşahidə aparıblar. Müşahidələr nəticəsində sürüşmə və çökmə prosesini davam etdiyi qənaətinə gəlinib. Xatırladaq ki, Güllütəpə kəndində ilk sürüşmə martın 5-də qeydə alınıb və sonrakı müddətdə daha da aktivləşib. Mütəxəssislərin qənaətincə, kəskin iqlim dəyişkənliyi, torpağın elliuval gilli olmasının üstünlük təşkil etməsi, həmçinin ərazidəki bitki və ağac örtüyünün məhv olması sürüşmənin başlıca səbəblərindəndir. Qeyd edək ki, sürüşmə zonasında yaşayan 11 ailə artıq ərazidən köçürülüb. 10 ailə qohumlarının yanında, 1 ailə isə müvəqqəti olaraq sosial obyektdə məskunlaşıb. Köçürülən ailələrin evlə təmin olunması üçün kəndin yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. Nadir Abıyevin sözlərinə görə, dövlət vəsaiti hesabına tikiləcək bu evlərin layihə-smeta sənədləri hazırlanıb, evlərin qiyməti dəyərləndirilib və tikintinin başlanması üçün tender elan olunub. Yaxın bir neçə gündə tenderin nəticələri elan olunacaq və qalib gələn təşkilat tikinti işlərinə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR